Yeni enerji DİPLOMATİYASI: Əhməd əş-Şaraanı Bakıya gətirən SƏBƏBLƏR
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Bakıya işgüzar səfəri regionda baş verən diplomatik və enerji yönümlü proseslərin mühüm mərhələsinə çevrildi. Bu səfər ilk baxışda ikitərəfli əlaqələrin gücləndirilməsi kimi görünsə də, əslində, daha geniş miqyaslı geosiyasi kontekstə malikdir. Antalyada keçirilmiş sonuncu Diplomatik Forum çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdən sonra bu səfərin reallaşması gözlənilən idi və konkret addımların atılacağı artıq həmin vaxtdan bəlli idi.
SOCAR bu dəfə Suriyada
Bakı görüşlərinin əsas nüvəsini enerji əməkdaşlığı təşkil etdi. Səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Hökuməti arasında imzalanmış Anlaşma Memorandumu regionun enerji xəritəsində yeni bir mərhələnin başlanğıcını ifadə edir. Bu sənədin arxasında duran konseptual baxış Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də infrastruktur qurucusu, sabitlik təminatçısı və strateji investora çevrilmək niyyətidir. Azərbaycanın enerji sahəsindəki texnoloji və institusional təcrübəsi Suriya üçün cəlbedici əməkdaşlıq çərçivəsi təqdim edir.
Dəməşqin nəfəs borusu: Bakı
Suriya üçün isə bu əməkdaşlıq uzun illər davam edən beynəlxalq izoliyasiyanın az da olsa qırılması baxımından əhəmiyyətlidir. Azərbaycanla qurulan münasibətlər Dəməşqə yeni diplomatik nəfəs verir. Bu əlaqə Suriyanı Qərbin təsir dairəsindən uzaq, lakin qarşılıqlı maraqlar üzərində qurulmuş tərəfdaşlıq müstəvisinə çıxarır. Belə bir model həm iqtisadi dirçəliş, həm də siyasi balans üçün real alternativdir.
Təl-Əvivə qədər uzanan ehtimallar
Bölgədəki proseslər fonunda İsrail faktoru da xüsusi yer tutur. Azərbaycanın İsraillə olan yaxın strateji münasibətləri və enerji sahəsindəki koordinasiyası Suriya ilə aparılan əməkdaşlığın yeni mərhələlərə keçməsi üçün fürsət pəncərəsi yaradır. Gələcəkdə Suriya ərazisindən keçən enerji marşrutlarının İsrailə qədər uzanması real ssenari kimi qiymətləndirilir. Bu isə təkcə iqtisadi deyil, həm də diplomatik müstəvidə yeni münasibətlərin formalaşmasına təkan verə bilər.
Yeni geosiyasi körpü: Cənubi Qafqazdan Şərqi Aralıq dənizinə
Əhməd əş-Şaraanın Bakıya səfərini sadəcə protokol xarakterli diplomatik addım saymaq düzgün olmaz. Bu səfər Yaxın Şərqlə Cənubi Qafqaz arasında geosiyasi və iqtisadi körpü qurmağa yönəlmiş strateji layihənin başlanğıcıdır. Azərbaycan özünü təkcə regional oyunçu deyil, həm də yeni siyasi nizam qurucusu kimi təsdiqləyir. Qarşılıqlı ehtiyaclara, sabitlik arzusuna və strateji baxışa əsaslanan bu əməkdaşlıq modeli gələcəkdə regionun sabitliyi və balansı üçün əhəmiyyətli presedent ola bilər.
Rafi Müslümov