Zəngəzur dəhlizi AÇILIR: Əbu-Dabidə hansı sənədlər PARAFLANDI?
“Görüşdə Zəngəzur dəhlizinin açılması və genişləndirilməsi müzakirə edilib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində keçirilən ikitərəfli görüşü şərh edib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında Əbu-Dabi şəhərində keçirilən görüş 5 saata yaxın davam etdi və görüşdən dərhal sonra mətbuata açıqlanan diplomatik mətndən aydın olur ki, tərəflər bir sıra mühüm məsələlər üzrə nəticələr əldə ediblər.
“O dərəcədə nəticə əldə olunub ki, bəzi sənədlər paraflanıb. Paraflanmaq – diplomatik mətnin nəzərdən keçirilməsi və onu imzalayacaq şəxslərin ad və soyadlarının səhifələr üzrə işarələnməsidir ki, bu mətn bu formada nəzərdən keçirildi və qəbul edildi. Ona görə də biz hər hansı imzalama mərasiminə şahidlik etməsək də paraflanma özü də imza qədər səlahiyyəti olan hadisəyə şahidlik etdik”.
H. Babaoğlu görüşdə Zəngəzur dəhlizinin gələcək taleyinə böyük ölçüdə aydınlıq gəldiyini vurğulayıb:
“Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, mətndə qeyd olunur ki, sülhün əldə olunması üçün bütün istiqamətlər üzrə danışıqlar aparıldı. Zəngəzur dəhlizinin açılması və genişləndirilməsi məsələsi müzakirə olundu. Düşünürəm ki, burada xüsusi bir şərhə ehtiyac var. Zəngəzur dəhlizinin açılması o deməkdir ki, razılaşdırılıb, genişlənməsi məsələləri də müzakirə olunur. Hərçənd açılmadan genişləndirilməsi müzakirə edilə bilməz. Bu qeyd də Zəngəzur dəhlizinin açılmasını labüd edir. Bura daxildir avtomobil nəqliyyatı yolu, dəmiryol nəqliyyatı yolu və digər kommunikasiyalar, internetin, yaşıl enerji kabellərinin keçidi, qaz kəmərlərinin keçidi və s. Bu da genişləndirmə deməkdir”.
Millət vəkili hesab edir ki, ikitərəfli görüşdə Zəngəzur dəhlizinin genişləndirilməsi məsələsinin müzakirə edilməsi bu dəhlizin açılmasının qarantıdır:
“Düşünürəm ki, bu müddəaların qeydə alınması o deməkdir ki, bu dəhlizin açılmasına ilkin razılıq var. Bu iki mühüm ştrix ciddi konstruktiv nəticədən danışmağımıza imkan yaradır və beləliklə, biz bu görüşü tarixi görüş adlandıra bilərik. Görüşün digər tarixi tərəfi də ondan ibarətdir ki, görüş ikitərəfli qaydada keçirildi. Azərbaycan öz təşəbbüslərini qəbul etdirdi. Hətta diplomatik münasibətlər tarixində münaqişə edən tərəflərin vasitəçisiz görüşündə də nəticə əldə etmək nümunəsini göstərməklə milli iradənin və milli dövlətin nə qədər beynəlxalq münasibətlər sistemində güclü aktoru olduğunu Azərbaycan tərəfi bir daha nümayiş etdirmiş oldu”.
Nurlan Cəfəri