Zəngəzur dəhlizi uğrunda “səssiz müharibə”: ABŞ, Rusiya və İran ÜZ-ÜZƏ

media-hightechnic-468x90

Cənubi Qafqaz tarixi missiyasını yerinə yetirməkdədir – həmişə poliqon olub, indi də poliqon olmağa hazırlanır.

“Bir kəmər, bir yol” layihəsinin saysız-hesabsız müsbət tərəfləri var. Bu layihə üzərində yerləşən ölkələr çox böyük dividentlər əldə edə bilər. Əksəriyyət də elə düşünür ki, bu layihə işə düşəndən sonra hər şey yaxşı mənada dəyişəcək. Bunun yaxşı tərəflərindən çox danışıldığı üçün biz layihənin gətirə biləcəyi problemlərə də diqqət etməliyik.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün hansı maneələr var? Bu günə qədər iki ölkə arasında sülh müqaviləsi niyə imzalanmır? Çoxlu sayda səbəblər saya bilərik, ancaq bu səbəblər içərisində Zəngəzur dəhlizi bir çoxlarının heç ağlına da gəlməyəcək. Düşünürəm və son proseslər də onu göstərir ki, Zəngəzur dəhlizini götürsək, ortada qalan maneələrin hamısı ən qısa zamanda həll olunacaq cinsdəndir. Cənubi Qafqazda indiki adlarla Rusiya, İran və Türkiyənin həmişə marağı olub və bu belə də qalacaq. Düzdür, kənar qüvvələr də həmişə bu regiona daxil olmaq istəyib, ancaq standart olaraq region bu üç ölkə arasında əl dəyişib. Maraqlıdır ki, adı keçən ölkələr nə qədər düşmənçilik aparsalar da, sonda müəyyən mənada razılığa gələ biliblər.

media-media-2025_02_01_707097_sulh-1-tg3ze0-960x640

Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı demək olar ki, Azərbaycan tərəfinin bütün şərtlərini yerinə yetirmək istədiyini dilə gətirib. Hətta konstitusiya məsələsində belə rəsmi İrəvan ya vaxt istəyir, ya da müəyyən təkliflər irəli sürür. Ancaq Ermənistanın birmənalı olaraq “yox” dediyi bir məsələ var, o da, dəhlizlə bağlıdır. Düşünürəm ki, “Bir kəmər, bir yol” layihəsinin regiona çiçəklənmə gətirəcəyi nə qədər realdırsa, regiona bəla gətirəcəyi də o qədər realdır. Dəfələrlə yazmışam, Ermənistanla Azərbaycana qalsa, sülh müqaviləsini çoxdan imzalamışdılar. Ancaq dəhliz uğrunda savaş və bunun indi açıq müstəviyə keçməsi Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsində düyün olduğu kimi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yolunda da düyündür.

media-2025-07-11-10-29-58w5oqrw9tlecrnrdhith2_file

Ermənistanla Azərbaycan arasında müharibədə maraqlı tərəflər çox olub. Bu tərəflər dövlətlərə dolayı yollarla dəstək veriblər. Ermənistana görə kimsə Azərbaycana, Azərbaycana görə kimsə Ermənistana müharibə elan etməyib. Maraqlı tərəflər döyüşən tərəfləri silahlandırıb, dəstək verib. Ancaq Zəngəzur dəhlizi düyünü tərəflərin birbaşa sahəyə enməsinə gətirib çıxara bilər. Faktiki olaraq “Bir kəmər, bir yol” layihəsi ilə bağlı İran və Rusiyanın mövqeyi məlumdur. İran dəhlizin açılmasına birmənalı olaraq qarşı olduğunu nümayiş etdirir. Rusiya isə 10 noyabr bəyanatını əlində əsas gətirərək, təhlükəsizliyə nəzarət etmək niyyətindədir. Türkiyə isə dəhlizin açılmasını vətən, millət, türk dünyası, Turan tezisi səviyyəsində istədiyini göstərsə də, reallıqda bu layihədən divident götürməyi hədəfləyib, dildə Turan desə də, əslində, NATO və ABŞ-nin maraqlarını müdafiə edir.

media-436719392_0_42_2849_1645_1920x0_80_0_0_413be9a5c786886547f7c979f74b834e

Rusiya asanlıqla bu layihədən geri addım ata bilər? İnandırıcı deyil. İddialar var ki, dəhlizdə idarəçiliyi ABŞ şirkətləri öz üzərinə götürmək istəyir. Hətta 100 illik icarəyə götürməklə bağlı təklifin olduğu deyilir.

Azərbaycanla Rusiya arasında gərginlik artan xətlə gedir. Rusiyanın nə istədiyini açıq şəkildə rəsmilərin dilindən eşidə, oxuya bilirik. Ancaq Azərbaycanın nə istədiyini və hansı cür addım atacağını isə ancaq təxmin etmək mümkündür. Yeri gəlmişkən, Rusiyanın təkcə Azərbaycanla münasibətləri gərgin deyil. Ermənistanla bağlı kifayət qədər gərginlik yaşanır. Hətta Ermənistandakı gücü 50-60 faiz civarında olan hərbi bazanın 100 faizə çatdırmaq niyyətində olduğunu da müşahidə etmək olur. Rusiya Ermənistana siyasi, iqtisadi təzyiqləri mərhələ-mərhələ artırır. Əgər gərginlik artan xətlə davam edəcəksə və Rusiya istədiyini ala bilməyəcəksə, siyasi və iqtisadi təzyiqin üzərinə hərbi təzyiq də gələ bilər. Bir çoxları düşünür ki, Rusiya bunu etməz və bununla bağlı çoxlu səbəblər sadalayırlar. Bunu deyənlər, eyni sözləri Ukrayna ilə bağlı da deyirdilər. Nəticə göz qabağındadır.

media-scaled

Gürcüstan proseslərdə səssiz kimi görünsə də, Qərb Gürcüstanda da prosesləri qızışdırmaq üçün addımlar atır. Yəni, Cənubi Qafqaz ölkələri ağır sınaq qarşısında qala bilər. Keçmiş yazılarımı oxuyanlar bilir, 44 günlük müharibədən sonra yazırdım ki, artıq dünyada balanslaşdırılmış siyasət keçərli olmayacaq. Hazırda heç kimə balansı qoruyan dövlət maraqlı və lazım deyil. Dövlətlər seçim qarşısında qalacaq. Cənubi Qafqaz ölkələri də bu seçimi etmək məcburiyyətində qalacaqlar.

media-media-060823cb78d032bbbd4c43968fc5853b58ab98-tc75z0

Ümumiyyətlə, beynəlxalq ticarət yollarının üzərində yerləşən ölkələrə baxdıqda müşahidə edilən əsas məsələ zəif dövlətlər, zəif hakimiyyətlər görünür. Cənubi Qafqaza təhdid və təhlükə həmişə olub, bundan sonra daha da çoxalacaq. ABŞ-nin Zəngəzur dəhlizi məsələsində istəkləri ciddiləşdikcə, regionda gərginlik bir qədər də artacaq. Hətta bu gün ABŞ istəyinə nail olsa belə, o dəhliz faktoru gələcəkdə münaqişə ocağına çevriləcək.

“Bir kəmər, bir yol” layihəsi ilə bağlı bu gün Zəngəzur dəhlizi düyün kimi görünə bilər, sabah bu düyünün daha mürəkkəbini Xəzər dənizində də görə bilərik.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600