Zəngəzur üçün geopolitik SAVAŞ: Bakı nə istəyir, İrəvan nə edə BİLƏR?

media-hightechnic-468x90

“İstəyimiz Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

media-vuqariskenderov1

O, Zəngəzur dəhlizinə artan beynəlxalq maraq fonunda perspektivləri qiymətləndirib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan qalib tərəf olaraq sülh təklifini irəli sürdü və bir sıra şərtlərin icrasını tələb etdi:

“Hazırda artıq hər iki tərəfin razılığı ilə 17 bənd razılaşdırılıb, digər açıq qalan məsələlərdə isə qarşılıqlı müzakirələr aparılır. İstəyimiz Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Sevindirici haldır ki, bu istiqamətdə də işlər davam etdirilir. Ümid edirik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən məsələləri həll edəcək. Mətbuat konfransında və digər bəyanatlarında da artıq daxili auditoriyanı bu prosesə hazırladığı görünür”.

Onun sözlərinə görə, Paşinyanın hazırkı siyasi durumunda problemlər mövcuddur:

“Daxili auditoriyanı inandırmaq asan deyil. Çünki Ermənistanda kifayət qədər radikal qruplar, Rusiya və digər xarici mərkəzlərə bağlı olan siyasi çevrələr mövcuddur. İndiki vəziyyətdə onlar Paşinyana təzyiq göstərirlər. Lakin Baş nazir burada rasional düşünür və anlayır ki, qarşıya qoyulan tələblər və təkliflər müzakirə olunmalı, həll edilməlidir. Əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi məsələsidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın əsas hissəsi olan Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməli olduğunu qeyd edib. Bu məsələ 2020-ci il bəyanatının 9-cu bəndində öz əksini tapıb”.

V. İskəndərovun fikrincə, Rusiya proseslərdə vasitəçi qismində çıxış etsə də, bu günə qədər bəyanatlardan başqa konkret əməli addımların atıldığını müşahidə etmirik:

“Eyni zamanda Zəngəzur məsələsində maraqlı tərəflərdən biri də İrandır. Həmçinin ABŞ-nin də burada maraqları mövcuddur. Qısacası, hazırda Zəngəzur dəhlizi ətrafında böyük qlobal aktorlar arasında mübarizə gedir. Sadalanan amillər nəzərə alındıqda Paşinyanın durumu asan deyil. Həmin ərazilər faktiki olaraq Ermənistan ərazisi sayılır. Əgər Zəngəzur dəhlizi Qərb dairələrinin təşəbbüsü ilə formalaşarsa, Rusiya və İranla ciddi problemlər meydana çıxa bilər. Əgər Rusiya ilə razılaşdırılmış şəkildə 9-cu bənd icra olunarsa, bu halda da Qərblə münasibətlərə təsir edə bilər. Yəni əsas məsələ kompromisə gəlməkdir. Paşinyan mövqeyini müəyyənləşdirməlidir”.

Millət vəkilinə görə, Azərbaycanın əsas və vacib tələbi budur ki, ölkənin əsas hissəsindən Naxçıvana gedən dəhlizdə hərəkət tam maneəsiz olmalıdır:

“İnsan və yükdaşımaları dəhliz vasitəsilə problemsiz həyata keçirilməli, təhlükəsizlik zəmanəti təmin edilməlidir. Bunun üçün konkret mexanizmlər və hüquqi çərçivə müəyyən olunmalıdır. Son Azərbaycan-Ermənistan görüşündə bu məsələlər geniş müzakirə olunub və nəticələr Paşinyanın verdiyi bəyanatlarda da hiss olunur. Bir sözlə, Paşinyan artıq anlayır ki, Ermənistanın gələcək inkişaf və nicat yolu yalnız Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Əks halda, Ermənistan üçün müsbət perspektivlər görünmür. Bu səbəbdən də Ermənistan hazırda yolayrıcındadır. Uzun illər bu ölkəni cənginə alıb məhv etmiş radikalizm və şovinizm artıq iflasa uğrayıb. Əgər ölkə açılmaq, inkişaf etmək istəyirsə, o zaman Azərbaycanın irəli sürdüyü şərtləri qeyd-şərtsiz qəbul etməlidir. Zəngəzur dəhlizinin açılması isə bu məsələdə ən vacib və zəruri addımlardan biridir. Bu da mütləq öz həllini tapmalıdır. Hesab edirik ki, çox da uzaq olmayan gələcəkdə Zəngəzur dəhlizi məsələ ilə bağlı bütün məsələlər tam aydın olacaq”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600