ABŞ-də vətəndaş müharibəsi ANONSU: "Tramp ölkəni fəlakətə sürükləyir"
“ABŞ-nin daxili siyasətində ciddi kəsirlər var və seçicilər Donald Trampdan xeyli narazıdırlar. Ölkə daxilində vətəndaş qarşıdurmalarının meydana gəlməsi real görünür”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

O, həmçinin Vaşinqtonun Venesuela siyasətini də kəskin tənqid edib:
“Amerika ilə Venesuela arasında müharibə ehtimalı yüksəkdir. Faktiki olaraq, ABŞ artıq Venesuelanı əsassız məsələlərdə günahlandırır. Tramp iddia edir ki, guya bu ölkə ABŞ-yə narkotik maddələr ötürür və bu dövriyyədən qazanc əldə edir. Bunlar uydurmadır və heç bir fakta əsaslanmır. Hazırda dünyada fövqəlgüclər enerji mənbələri uğrunda mübarizə aparırlar. ABŞ başa düşür ki, yaxın gələcəkdə süni zəka və enerji resursları həlledici rol oynayacaq. Kim süni zəkadan daha çevik istifadə edərsə və enerji ehtiyatlarına sahib olarsa, özünü daha təminatlı hiss edəcək. Bu proseslərdə ABŞ gələcək rəqabəti düşünərək hərəkət edir”.
Tofiq Abbasov iddia edir ki, Vaşinqton İranda hakimiyyəti devirməyə çalışsa da, buna nail ola bilməyib:
“Rəsmi Vaşinqton yayın əvvəlində İsrailin iştirakı ilə İrana hücum etdi. Gözlənilirdi ki, bu qəfil zərbədən sonra ölkə dağılmaq dərəcəsinə çatacaq və transmilli şirkətlərin İranın enerji bazarına daxil olması asanlaşacaq. Lakin Amerikanın gözləntiləri doğrulmadı. Əksinə, İran güclü müqavimət nümayiş etdirərək İsrailə təsirli zərbələr endirdi. Hətta Netanyahu müharibənin bitməsinə üç gün qalmış şəhərlərinin dağılmasından qorxaraq Trampa yalvarırdı ki, döyüşləri dayandırsın. Bu əməliyyat nəticə vermədiyi üçün İran məsələsi ikinci plana keçdi və növbə Venesuela ilə Nigeriyaya çatdı. Hər iki ölkə nəhəng neft-qaz ehtiyatlarına malikdir. Göründüyü kimi, ABŞ-nin hədəfində məhz zəngin resursları olan ölkələrdir”.
Trampın xarici siyasət vədlərini yerinə yetirə bilmədiyini qeyd edən politoloq, onun özünü təkzib etdiyini bildirib:
“Tramp səkkiz müharibəni dayandırdığını iddia edir. Lakin Kamboca və Tailand arasında hələ də atəş səsləri eşidilir, Yaxın Şərqdə isə qeyri-müəyyənlik hökm sürür. Yalnız bizim regionla bağlı müsbət meyillər var ki, bu da təqdirəlayiqdir. ‘Tramp marşrutu’nun (Zəngəzur dəhlizi – red.) işə düşüb-düşməyəcəyini zaman göstərəcək. Tramp hazırda Rusiya-Ukrayna müharibəsində prinsipial mövqe tutmaqla respublikaçıların gələn ilki seçkilərdə mövqeyini qorumağa çalışır. Lakin daxili narazılıqlar fonunda bu çox çətindir. Əgər ABŞ Venesuelaya hücum edərsə, partizan müharibəsi aparan bu solçu dövləti zəbt etmək onlara çox baha başa gələcək”.
Nurlan Cəfəri












