İlham Əliyevin Qazaxıstan səfəri: Türküstandan dünyaya yayılan "strateji memar" mesajı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Qazaxıstana səfər edərək, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirən dövlət başçısı, Azərbaycanın Cənubi Qafqazın əsas aktoru olması reallığını bir daha beynəlxalq birliyin diqqətinə çatdırıb.

Səfəri yerində izləyən media nümayəndəsi, “Real TV”nin Sənədli filmlər departamentinin direktoru Vəfa Həmzəyeva dövlət başçısının Qazaxıstan səfərini təhlil edib.
Səfərin detalları barədə Yenicag.az-a geniş müsahibə verən V.Həmzəyeva, Türküstan təəssüratlarını belə bölüşüb:
“Türküstan mənə qəribə hisslər bağışladı. Açığı, mən bu şəhərə sadəcə TDT sammitinin keçirildiyi məkan kimi baxmırdım. Burada fərqli bir enerji var. İnsan hiss edir ki, bu şəhər sadəcə tarixi yaşamayıb, həm də tarix yaradıb. Şəhərin küçələrində gəzəndə anlayırsan ki, Türküstan özünü nümayiş etdirməyə çalışmır, o, sakitdir. Lakin bu sakitliyin daxilində nəhəng bir yaddaş yaşayır. Burada hər addımda zamanın izi görünür: bir tərəfdə əsrlərin yadigarı olan türbələr, digər tərəfdə isə yeni ucaldılan müasir komplekslər, rəqəmsal texnologiyalar və süni intellekt müzakirələri… Əslində, bu mənzərə bugünkü Türk dünyasının simvoludur keçmişini itirmədən gələcəyini quran bir coğrafiya.
Türküstanın ən təsirli tərəfi odur ki, burada tarix muzey eksponatı kimi deyil, canlı bir varlıq kimi yaşayır. Sammiti yerində izləyərkən bu hiss daha da güclənirdi. Çünki budəfəki görüş klassik diplomatik sammit atmosferindən kənara çıxırdı. Aydın görünürdü ki, TDT artıq yalnız mədəni-humanitar birlik çərçivəsini aşaraq, yeni geosiyasi reallığa qədəm qoyub. Sammitin mövzusunun “Süni intellekt və rəqəmsal inkişaf” olması təsadüfi deyildi. Dünya sürətlə dəyişir və XXI əsrdə əsas güc anlayışı artıq yalnız siyasi sərhədlərlə ölçülmür, transformasiya olunur.”
V. Həmzəyeva türk dövlətlərinin qlobal siyasətdəki çəkisinin artdığını xüsusi vurğulayıb:
“Əvvəllər dövlətlərin gücü hərbi potensial və ya enerji resursları ilə ölçülürdüsə, indi bu tənliyə data, süni intellekt, rəqəmsal logistika və kibertəhlükəsizlik əlavə olunub. Gələcəyin sistemini texnologiyanı idarə edənlər müəyyənləşdirəcək. Türküstandakı əsas müzakirə xətti də məhz bu idi. Sammitdə təqdim olunan “GovTech” layihələri və Orta Dəhlizin rəqəmsallaşdırılması göstərirdi ki, TDT artıq ortaq texnoloji məkan yaratmaq əzmindədir. Ortaq kimlik ideyası yalnız emosional bağlarla deyil, iqtisadi və texnoloji inteqrasiya ilə gücə çevrilir.
Bu səfərdə diqqətimi çəkən digər məqam beynəlxalq medianın Azərbaycana olan xüsusi marağı idi. Müxtəlif ölkələrdən olan jurnalistlər və ekspertlər bizə yaxınlaşaraq Azərbaycanla bağlı suallar verirdilər. Əsas maraq dairəsi Prezident İlham Əliyevin təşkilat daxilindəki liderlik rolu, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi və Bakının Türk dünyasında artan siyasi nüfuzu ilə bağlı idi. Bu, səbəbsiz deyil. Vətən müharibəsindən sonra yaranan yeni reallıq Bakının regional çəkisini kəskin artırıb. Bu gün Azərbaycan TDT-də sadəcə iştirakçı deyil, həm siyasi koordinasiya mərkəzi, həm logistika qovşağı, həm də ideoloji təşəbbüs platformasıdır.”
Prezidentin sammitdəki çıxışına toxunan V. Həmzəyeva mühüm bir nüansı qeyd edib:
“Prezident İlham Əliyevin çıxışındakı ən vacib mesaj Türk birliyinin praktik nəticələr verməli olması idi. Dövlət başçısı vurğuladı ki, artıq yalnız emosional bağlılıq kifayət etmir real inteqrasiya mexanizmləri lazımdır. Xüsusilə Orta Dəhliz artıq sadəcə bir tranzit layihəsi deyil, geosiyasi təhlükəsizlik xəttinə çevrilib. Müharibələr və sanksiyalar göstərdi ki, alternativ logistika xətləri olmadan iqtisadi təhlükəsizlik mümkün deyil. Azərbaycanın bu layihədəki rolu liman infrastrukturu və Bakı-Tbilisi-Qars xətti qlobal sistemdə strateji əhəmiyyət kəsb edir.
Türküstanda bir daha sübut olundu ki, TDT artıq bir “nostalji layihə” deyil, qlobal sistemdə formalaşan yeni güc mərkəzidir. Türk dünyası artıq ortaq tarixdən daha çox, ortaq gələcək modeli qurur. Və bütün bunların Xoca Əhməd Yasəvi türbəsinin kölgəsində, süni intellekt müzakirələri ilə paralel baş verməsi bugünkü Türk dünyasının ən dəqiq təsviridir: Tarixini qoruyan, amma gələcəyə hədəflənən bir coğrafiya.”
Nurlan Cəfəri













