Türkiyəli jurnalistdən İsrailə mesaj: "Ankara bu ucuz təxribatlara uymayacaq!"
“Onlar təhdid etməyi mərifət hesab edən şər ortaqlarıdır!”
Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli jurnalist və media nümayəndəsi Yeşim Eryılmaz bildirib.

Qeyd edək ki, İsrailin nazirlərindən biri Miki Zoar qatıldığı televiziya proqramında “İranın vəziyyətinə düşmək istəyirlərlərsə, İsraili təhdid etməyə davam etsinlər” deyərək Türkiyə Prezidenti Rəcəp Tayyip Erdoğanı və bütövlükdə Türkiyə dövlətini hədəf alıb.
Türkiyəli jurnalist Yeşim Eryılmaz şərhində israilli nazirin bu çıxışını sərt tənqid edərək, sözügedən bəyanatı Cənubi Kipr–Yunanıstan–İsrail üçlüyünün ortaq aqressiyasının təzahürü adlandırıb:
“Cənubi Kipr–Yunanıstan–İsrail üçlüyü hər gün yeni bir təhdid və təxribata imza atır. Avropa İttifaqı və ABŞ-a güvənən bu ‘şər ittifaqı’ qlobal müstəvidə məğlub olduqca daha da aqressivləşir. Digər tərəfdən, ABŞ-ın keçmiş prezidenti Donald Trampın ‘özüm etdim, nə oldusa özümə oldu’ yanaşması ilə səhərdən axşama qədər ciddi bir fikir dağınıqlığı içində olduğunu görürük.”
Jurnalist İsrailin son hərbi uğursuzluqlarını nazir Zoarın diqqətinə çatdırıb:
“İsrail tərəfindən növbəti qalmaqallı bəyanat şahidiyik. Nazir Miki Zoar Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan “Sumud Flotilla” (Sumud Flotiliyası) ilə bağlı Türkiyəni hədələməklə öz səlahiyyətlərini aşıb. O, bizim taleyimizin İran kimi ola biləcəyini iddia edir. Nazir Zoara xatırlatmaq yerinə düşər ki, o, ya İranla qarşıdurmada gözlənilən uğur hekayəsini yaza bilmədiklərini unudub, ya da qarşıdan gələn seçkilər öncəsi daxili auditoriyanı manipulyasiya etməyə çalışır. Canlı yayımda “lazım gələrsə, qisas alacağıq” deyən nazir bilməlidir ki, Türkiyə dövləti bu növ ucuz təxribatlara uymayacaq.
Təl-Əvivin ötənilki hərbi addımları və cari ilin fevralında ABŞ-ın birbaşa dəstəyinə rəğmən qarşı tərəf qarşısında uğursuzluğa düçar olması hər kəsə məlumdur.”
Y. Eryılmaz Türkiyənin son illərdə həm hərbi, həm də siyasi qüdrətinin artdığını, yeni dünya düzənində supergücə çevrildiyini vurğulayıb:
“Yeni dünya nizamında çoxqütblü sistemin hakim olduğu bir dövrə qədəm qoyduq. İstəsəniz də, istəməsəniz də reallıq budur. Fələstində günahsız insanlar qətlə yetirilərkən bəyanat verməkdən başqa heç bir işə yaramayan qərbli tərəfdaşlarınız belə artıq sizdən üz çevirir. Sizin terrora verdiyiniz dəstək və onların əlinə tədarük etdiyiniz silahlar bu prosesi durdurmağa bəs etməyəcək.”
Müsahib sonda İsrailin pərdəarxası müttəfiqlərinin planlarından Ankaranın xəbərdar olduğunu qeyd edib:
“Şərqi Aralıq dənizindəki tərəfdaşlarınızdan danışaq. Cənubi Kipr və Yunanıstanın ortaqlığına sığınmağınız əslində düşdüyünüz çarəsizliyin göstəricisidir. Kiprin rum liderləri də son vaxtlar təhdid ritorikasına əl atıblar və onlar da arxalarında İsrailin dayandığını düşünürlər. Kipr rum icmasının rəhbəri Nikos Xristodulidis əvvəlcə Türkiyəni hədələyir, sonra isə beynəlxalq müstəvidə şikayətlənməyə başlayır. Görünən odur ki, onların İsraillə ittifaqdan başqa çıxış yolu qalmayıb. Lakin kaset qalmaqalları və rəsmi telefon dinləmələrinin məhz İsrail tərəfindən sızdırılması fonunda, rum tərəfdaşlarınızın bu münasibətlərdən nə dərəcədə məmnun olduğu ciddi sual doğurur.
Nəhayət, nazir Zoar ölkəsindəki hərbi xidmət böhranını və daxili xaosu gizlədə bilmir. İsrail xalqı haqlı olaraq qəzəblidir. Digər tərəfdən, qlobal ‘Sumud Flotilla’ fəalları dəfələrlə Kipr Rum Sahil Mühafizəsindən kömək istəsələr də, rum lider Xristodulidisin bu humanitar yardımın qarşısını şəxsən kəsdiyi məlum olub. Buna baxmayaraq, rum xalqı küçələrə çıxaraq İsrailə etiraz edir, Fələstinə azadlıq tələb edir. Cənubi Kiprdə keçiriləcək parlament seçkiləri səbəbindən rəsmi dairələr hazırda İsraillə münasibətləri tamamilə korlamaqdan çəkinirlər. Real faktları manipulyasiyalardan ayırmağın vaxtı çoxdan çatıb.”
Nurlan Cəfəri













