Qənirə Ataşova üsyan etdi: “Savadlı kadrlara qarşı savaş gedir”
TƏBİB-də aparılan son kadr dəyişiklikləri ictimai narazılıq doğurmaqda davam edir.
Yenicag.az bildirir ki, tanınmış jurnalist Qənirə Ataşova Pediatriya İnstitutunda çalışan tanınmış mütəxəssis Azər Əhmədovun vəzifədən uzaqlaşdırılmasına sərt reaksiya verib.
Ataşova bildirib ki, yeni rəhbərlikdən səhiyyədə islahatlar və müasir yanaşma gözləntiləri olsa da, proses peşəkar kadrların sıradan çıxarılması ilə müşayiət olunur:
“TƏBİB-ə yeni rəhbərlik gələndə hamımız sevindik ki, səhiyyədə yeni nəfəs, yeni yanaşma olacaq. Amma görünən odur ki, hər gələn ‘öz komandamı qururam’ adı ilə peşəkar kadrları kənarlaşdırır.”
O, Azər Əhmədovun Türkiyədə təhsil aldığını, xaricdə qalmaq imkanı olduğu halda Azərbaycana qayıdaraq pediatriyanın inkişafına töhfə verdiyini vurğulayıb:
“Azər Əhmədov illərlə topladığı bilik və təcrübə ilə institutda yeni texnologiyaların, müasir tibbi yanaşmaların tətbiqinə töhfə verib. Belə insanları qorumaq əvəzinə, onları sistemdən uzaqlaşdırmaq səhiyyənin inkişafına zərbədir.”
Qənirə Ataşova Prezidentin köməkçisi və TƏBİB-ə nəzarət edən şuranın rəhbəri Xalid Əhmədova da müraciət edib. O, rəhbər vəzifələrə təyin olunan şəxslərə peşəkar kadrlara qarşı “öz adamlarını yerləşdirmək” prinsipi ilə yanaşmamağın tapşırılmasını istəyib.
Ataşova qeyd edib ki, savadlı və vicdanlı mütəxəssislərin “başqasının adamı” damğası ilə sıradan çıxarılması yolverilməzdir:
“Bu ölkənin savadlı, vicdanlı mütəxəssislərinə sahib çıxmaq lazımdır. Biz cəmiyyət olaraq buna susmayacağıq. Savadlı kadrlarımızı qorumaq hamımızın borcudur.”













