İlham Əliyevin böyük yol siyasəti: Bakıdan Qarsa uzanan strateji xətt - Aqil Ələsgər yazır
Bəzən bir qatarın fit səsi illərlə qurulan siyasətin, səssiz diplomatiyanın, xəritə üzərində çəkilən böyük planların səsinə çevrilir. İndi Bakıdan Tbilisiyə gedəcək o qatarın relslərində sadəcə dəmir yox, Azərbaycanın son iyirmi ildə qurduğu yeni reallıq uzanır.
İllərlə insanlar soruşurdu: “Quru sərhədləri nə vaxt açılacaq?” “Gürcüstana qatar nə vaxt gedəcək?”
Çox adam məsələyə sadəcə yol kimi baxırdı. Halbuki dövlət artıq çoxdan istiqaməti dəyişmişdi. Çünki bu ölkə artıq təkcə öz sərhədləri içində düşünmür. Azərbaycan bu gün bölgənin taleyini dəyişən yollar qurur.
İndi o qatar Tbilisiyə gedir. Sabah Qarsa gedəcək. Bir tərəfdə Bakı–Tbilisi–Qars xətti, digər tərəfdə Zəngəzur üzərindən açılacaq yeni yollar… Azərbaycanın coğrafiyası artıq sadəcə xəritədə görünən ərazi deyil. Azərbaycan yolların kəsişdiyi yerə çevrilir. Yeni əsrin İpək Yolu bu torpaqlardan keçir.
Ən təsirlisi də budur ki, bütün bunlar hay-küylə, sosial şəbəkə romantizmi ilə olmadı. Sakit şəkildə, addım-addım, sistemli formada quruldu.
Limanlar tikildi. Hava limanları açıldı. Dəmir yolları yeniləndi. Qarabağda yollar çəkildi. Beynəlxalq razılaşmalar imzalandı.
Biz bəzən yalnız açılan qapını görürük. Amma o qapının arxasında neçə ilin səbrinin, hesabının və dövlət ağlının dayandığını görmürük.
Vaxtilə bu torpaqlardan karvanlar keçirdi. İpək, ədviyyat, ticarət daşınırdı. İndi isə konteynerlər keçir, sürətli qatarlar keçir, enerji xətləri keçir. Amma dəyişməyən bir şey var: bu coğrafiyanın taleyi.
Azərbaycan yenə yolların mərkəzinə qayıdır.
Və insan düşünür… Tarix bəzən qəribə şəkildə təkrarlanır. Sadəcə bu dəfə dəvələrin yerinə sürətli qatarlar, karvansaraların yerinə logistika mərkəzləri var.
Bu illər ərzində sadəcə yollar çəkilmədi, Azərbaycanın dəmir yolu sistemi də yeniləndi. Vaxtilə Sovetdən qalma köhnə relslərlə hərəkət edən ölkə bu gün artıq sürətli, müasir və beynəlxalq tranzit standartlarına uyğun bir nəqliyyat mərkəzinə çevrilir. Yeni vağzallar, modernləşdirilən xətlər, rəqəmsallaşan idarəetmə sistemi və dünyanın ən müasir qatarlarının Azərbaycana gətirilməsi bir daha göstərdi ki, burada məqsəd təkcə sərnişin daşımaq deyil. Məqsəd Azərbaycanın gələcəyini yollar üzərində qurmaqdır.
Bəlkə də bu səbəbdən İlham Əliyevin illər əvvəl dediyi o cümlə bu gün daha fərqli eşidilir: “Mən nəyi, necə, nə vaxt etmək lazımdır, bunu bilirəm.”
Çünki dövlət idarəçiliyi bəzən bir şahmat oyunudur. Hamı son gedişi görür, amma o gedişə qədər neçə addım hesablandığını yalnız oyunu quran bilir.
Bu gün Bakıdan Tbilisiyə gedən qatar əslində bir mesaj daşıyır: Azərbaycan artıq hadisələrin arxasınca gedən ölkə deyil. Azərbaycan bölgədə yeni yollar çəkən, yeni xəritələr quran və yeni reallıqlar yaradan dövlətdir.
Aqil Ələsgər













