!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Əfqanıstandan QOVULDU: "Amerikanın şərəfini yerlə bir etdilər" - Keçmiş dövlət katibi

!Reklam – Yazi

“Əfqanıstan hazırda ciddi maarifçi avtoritar rejimlə idarə edilməlidir”.

Bu fikirləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Əfqanıstandan çıxmasına paralel şəkildə “Taliban”ın hakimiyyəti ələ keçirməsini və bölgədəki gələcək vəziyyəti dəyərləndirərkən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli “Taliban”ın hakimiyyətini legitimləşdirdikdən sonra dövlətlərin bu hökuməti tanıya biləcəyini, lakin buna o qədər də ehtimal vermədiyini qeyd edib:

“”Taliban” az qala bütün dünyada terrorçu qruplaşma kimi tanınır. Onun hakimiyyətdə olduğu dövrdə Əfqanıstan, sözün əsl mənasında, terroçuların oylağına çevrilmişdi. Amerikada əkiz qüllələrə hücumun təşkil edilməsi də məhz Əfqanıstanda planlaşdırılmışdı.

Şəriət rejiminə əsaslanan və qatı radikal islamın tərəfdarı olan bu dəstə bilmirəm, öz hakimiyyətini necə legitimləşdirəcək, dövlətlər bunu necə tanıyacaq. Çünki çevriliş ediblər, qanuni hakimiyyəti zorla zəbt ediblər. Əfqanıstan ordusu o qədər zəif, iradəsiz idi ki, əllərində avtomatdan başqa bir şey olmayan taliblər onlara üstün gəldi?! Demoralizə edilmiş əfqan ordusu bəzi yerləri döyüşsüz təhvil verdi.

Hazırda “Taliban”ın kimlərinsə təlimatı ilə hərəkət etdiyini görürük. Hakimiyyət legitimləşdikdən sonra əlaqə məsələlərini düşünmək olar. Keçici hökumət qurulduqdan sonra seçkilər keçiriləcək. Guya hakimiyyətin legitimləşdirilməsi xalqın iradəsinə söykənən seçkilər vasitəsilə həyata keçiriləcək. Ondan sonra dövlətlər bu hökuməti tanıyıb-tanımayacağına qərar verəcək. Ancaq indidən şəriət məhkəmələri qurulursa və bu məhkəmələrdə 5 dəqiqədə ölüm hökmü çıxarılırsa, işlərin gələcəyinin necə olacağını təxmin etmək o qədər də çətin olmaz.

Əfqanıstan hazırda ciddi maarifçi avtoritar rejimlə idarə edilməlidir. İnsanlar müəyyən dövləti qaydalara alışdırılmalıdır. Din nə qədər hakim olsa da, o, birləşdirici funksiyanı yerinə yetirə bilmir.

Deyir, it az idi, biri də gəlib gəmiylə keçdi. İndi gəl bunları onsuz da qarışıq olan sivilizasiyalararası münasibətlərin gərgin olduğu dövrdə dünya nizamına qoş görüm necə qoşursan. Bunlar adam öldürməkdən başqa heç nə bacarmırlar.

Baxaq görək yalandan da olsa, saxta seçkilər keçirə biləcəklərmi”.

Keçmiş dövlət katibi Əfqanıstandan qovulan ABŞ-nin şərəfinin ayaqlar altına alındığını vurğulayıb:

“Birləşmiş Ştatların burada kifayət qədər günahı var. ABŞ 2001-ci ildə qoşunlarını Əfqanıstana yeridəndə, “Terrorçular bizim heysiyyətimizi tapdalayıb, onların kökünü kəsəcəyik, Əfqanıstana demokratiya gətirəcəyik”, – deyə gəlmişdi.

Demokratiya gətirmək nağıl idi. Çünki orta əsr təfəkküründə yaşayan bir ölkəyə demokratiya gətirmək üçün uzun illər lazımdır. Bu belə. Bəs niyə “Taliban”ın müqavimətini sındıra bilmədin? Amerika qoşunlarını çıxararkən Əfqanıstan ordusunu yaxşı hazırlamalıydı. Əlində avtomatdan başqa bir şeyi olmayan, bir neçə “pikap” avtomobilinə sahib “Taliban”ı zərərsizləşdirmək bu qədər çətin idi?

ABŞ ölkədə vətəndaş müharibəsi şəraiti yaradıb dabanına tüpürüb qaçdı. Bayden başda olmaqla Amerikanın şərəfini yerlə bir etdilər. Bu, tarixə düşən rüsvayçılıqdır. Əşrəf Qani də başını götürüb qaçdı”.

Aqil Bəkir

www.yenicag.az

798
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv