!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Gözəlovun məhkəmə prosesində bir gün... - "Videodisk məhkəmədən gizlədilir, yoxsa...?" - Elnare Derziyeva yazır

!Reklam – Yazi

Zərərçəkən Anar Gözəlovun məhkəmə prosesində bir gün…

İzlədiklərim, eşitdiklərim və gördüklərim…

“Məhkəmə gəlir, ayağa qalxın!” – Bu ifadəni uzun illərdir ki, eşitmirdim. Mənə kriminal və sosial araşdırmaçı jurnalist kimi fəaliyyət göstərdiyim vaxtları xatırlatdı. Həmişə olduğu kimi məhkəməyə hörmət əlaməti olaraq ayağa qalxırıq… “Əyləşin”. Proses zərərçəkən Anar Gözəlovu əməliyyat edən Araz Bayramovun vəkilinin çıxışı ilə başlayır. Asif Mədətov topladığı sənədləri yazılı və şifahi qaydada təqdim edir. “….Klinikadan aldığımız KT sənədinə əsasən onu deyə bilərəm ki, Anar Gözəlov əməliyyatdan öncə də, nə vaxtsa gizli insult keçirib və onun beynində ocaqlar olub, bu isə onu deməyə əsas verir ki, xəstə hər zaman yenidən insult keçirə bilərmiş….” Bir anlıq fikrə gedirəm. Əcəba, bu zərərçəkənin vəkilidi, yoxsa qarşı tərəfin? Araz Bayramovun hüquq müdafiəçisi qismində çıxış edən vəkil heç özü də bilmədən Anar Gözəlovun xeyrinə danışırdı. Və çox doğru deyirdi, G.Gözəlovun həyat yoldaşı hər an beyin insultu keçirə bilərdi. Elə əməliyyat zamanı da, necə ki, keçirdi… Və bunun baş verməməsi üçün Araz Bayramov Anar Gözəlovu əməliyyata almazdan öncə onun qan analizlərinə, qanda şəkərin miqdarına, trombositlərin miqdarına, laxtalanmanın vəziyyətinə, hətta xəstənin çəkisinə, dolayısı ilə xolestirinin miqdarına xüsusi diqqətlə yanaşmalı, pasiyenti endokrinoloq, nevropotoloq, eyni zamanda anestizioloqun rəsmi arayışı olmadan, sonda bütün bunlarla bağlı əməliyyata aldığı şəxsə və ailəsinə məlumat vermədən əməliyyat etməməli idi. Ancaq əməliyyata məsul şəxs, yəni cərrah həkim-uroloq Araz Bayramov nədənsə bunu qulaqardına vurub. Elə məhkəmədə zərərçəkən Günel Gözəlova cavabdehin vəkilinə ünvanladığı suallardan birincisi də bu idi – “Əgər xəstənin insult riski var idisə, əməliyyat öncəsi niyə müayinələrdə açıq-aydın görünən faktları gözqrdı etmisiz? Ümumiyyətlə, niyə çoxfunksiyalı əməliyyatlar edən klinikanızda nevropotoloq yoxdur, əməliyyat etdiyiniz xəstənin qan analizlərinə baxıb, əməliyyata alan anestezioloq niyə bu riski görmədən uzunmüddətli əməliyyat aparmısız?” Vəkil suala doğru-düzgün cavab verə bilmir. Çünki veriləcək cavab yoxdu. Niyə? Çünki Araz Bayramovun bir cərrrah kimi məsuliyyətsizliyi həm əməliyyatdan öncəki, həm sonrakı davaranışlarında göz qabağında olub. Etdiklərini sübut edən əslində o qədər fakt var ki….

Əməliyyat otağında nə baş verib?
Videodisk məhkəmədən gizlədilir, yoxsa…?

Qeyd edim ki, bu gün ölkədə fəaliyyət göstərən özəl klinikalar müasir tibb avadanlıqlarla tam təchiz olunub. Bəli, texniki təhcizat baxımından beynəlxalq standartlara uyğunlaşmağa, özümüzü Avropalı həkimlərə oxşatmağa çalışıb, “bu avadanlıqdan orada var, məndə də olsun” prinsipi ilə yanaşıb (işlətməyə savadları çatmasa belə) alıb gətirirlər… Xub, çox gözəl, alqışlayıram. İnkişaf var. Ancaq gəlin görək “Buta” klinikası bu avadanlıqlardan və texniki vasitələrdən necə yararlanır və ya hansı halda yararlanmaq bu tibb mərkəzinin marağındadır? Aydınlaşdıraq. Öncə onu da nəzərinizə çatdırım ki, məhkəmənin ilk iclasında ittihamçı tərəfin vəkili Elçin Sadıqov və sonda hakim Vüqar Quliyev Anar Gözəlovun əməliyyatının nə üçün 6 saata yaxın çəkdiyinin səbəbini (böyrək əməliyyatları normal halda maksimum 40 dəqiqəyə bitir) aydınlaşdırmaq məqsədi ilə qarşı tərəfdən həmin prosesin videodiskini məhkəməyə təqdim etməsini istəmişdi. Və onu da deyim ki, həyata keçirilən bütün əməliyyat prosesləri başladığı saniyədən bitdiyi vaxta qədər videodisklərə yazılaraq, bir qayda olaraq xəstənin yaxınlarına verilir. Hakim Vüqar Quliyev da bunu A.Bayramovun vəkilinə xatırlatmalı olur “Siz, Anar Gözəlovun əməliyyat videodiskini məhkəməyə təqdim etməli idiz”. Cavab isə belədi – “Anar Gözəlovun əməliyyat diski lentə alınmayıb” Səbəb? “Çünki “Buta” klinikasında yalnız ehtiyac olduğu halda əməliyyatlar lentə yazılır”- Aman Allah, bu nə deməkdir? Necə yəni yalnız ehtiyac olduğu halda? Məgər xəstələrin hamısının əməliyyatlarının necə keçdiyini bilmək haqqı yoxdumu? Bu nə məsuliyyətsiz bir yanaşma, bu nə özbaşnalıq… Düşünürəm, cavab tapmağa çalışıram. “Görəsən, Anar Gözəlovun əməliyyatı diskə nə üçün çəkilməyib, ya da videoyazı üzə çıxarılsa çox səbəblər aydın olacaq!? 6 saata yaxın bir müddətdə, bağlı qapılar arxasında nə baş verib? Xəstə nələr yaşayıb? Xəstənin və ailsinin son 6 ayda mıəhv edən, övladını gözüyaşlı qoyan 18 fevral tarixində baş verənlər gizli qalsın deyəmi məhkəməyə təqdim olunmur bu videoyazı? Gizli saxlanan hansı məqamlar ola bilər? Prosesin 6 saata yaxın keçməsi, yoxsa bilmədiyimiz, ört-basdır edilən başqa məqamlar var?….” Sualların hamısı bir anlıq beynimdən keçir. Videoyazının məhkəməyə təqdim olunmama səbəbi ilə bağlı konkret cavab isə nə mənim beynimdə var, nə də ki, qarşı tərəfin vəkilində… Proses isə Araz Bayramovun vəkilinin suallara və tələb olunan məhkəmə predmetinə qeyri-peşəkar yanaşma sərgiləməsi ilə davam edir.

Bu arada….

Günel Gözəlova gözləri bərəlmiş şəkildə baxır. Yanında oturduğum üçün dodaqlarının arasından dediklərini eşidirəm. “Videoya çəkilmişdi, Araz da, digər həkim Vüqar da dəfələrlə dedi, var bizdə disk,amma hər dəfə istəyəndə bəhanə etdilər, vermədilər, mənim atamın və Anarın ağız vəziyyətindən düşdüyüm durumdan istifadə etdilər”.

Vəkili yalan danışmağa nə vadar edir?
Bu açıq məğlubiyyət deyilmi?

2 saata yaxın davam edən prosesdə həkim Araz Bayramovun vəkilinin çıxışı, həm də göz görəsi, qulaq eşidəsi yalan və böhtanlarla da yadda qaldı. Vəkil yenə danışır, sadəcə danışır, nəyi,necə istəyirsə…. “Onun insult keçirməsi bir təsadüfdir, cənab hakim, ötən dəfə öz həyat yoldaşı da çıxışında dedi” – Necə, yəni bir təsadüfdür. Çevrilib Günelin təəccüb və heyrət dolu üzünə baxıram. O da mənim kimi şok vəziyyətindədir. Qeyri-ixtiyari yerindən dillənməli olur “Cənab hakim, mən belə bir söz deməmişəm. Bu vəkil böhtan atır, yalan danışır, əməliyyat vaxtı təsadüf olur, bu cür düşünən adam aylardır bütün həkimlərin qapısını döyüb, baş verənlərlə bağlı məhkəmədən cinayətkaracəza tələb edir?”- Onu sakitləşdirməyə çalışıram. Hakim müdaxilə edir. Vəkil fikrini əsaslandırmağa, vəziyyətdən öz taktiki üsulları ilə çıxmağa çalışır. Amma mümkün deyil, çünki “ox yaydan çıxıb”. Bunu özü də bilir və əsassız, məntiqsiz cümlələrlə çıxışını davam etdirir…. Düşünürəm. Yalanın, böhtanın bu qədəri də olarmış, illahi… Əgər Günel Gözəlova həyat yoldaşının başına gələnləri bir təsadüf hesab etdiyini deyibsə, o zaman məhkəməyə nə lüzum vardı? Vəziyyəti təsadüf bilmək, olanları qəbul etmək deməkdir. O zaman Araz Bayramov nə üçün məhkəməyə cavabdeh qismində cəlb olunub? Ümumiyyətlə, bu məhkəm nə üçündür? “Təsadüf heç nə yoxdu. Baş verənlər konkret həkim məsuliyyətsizliyidir. Vəkilin səsləndirdiyi fkirlər mənə qarşı şər və böhtandır. Mən belə bir ifadə işlətməmişəm”. Bu isə G.Gözəlovanın məhkəmədəki fikirlərindəndir. Hakim cavabdeh tərəfin vəkilinə yenə söz verir. Onun bu dəfə söylədiyi isə məşhur “üzrü günahından betər” məsəlini xatırladır…”Onu da deyim ki, əlimizdə olan sənədlərə baxdıqda məlum olur ki, Anar Gözəlovun əməliyyatdan öncə də psixoloji problemləri var imiş”….Özümdən biixtiyar ssəsli bir kinayə ilə gülürəm. Bəli, söhbət mənim illərlə tanıdığım, evində dəfələrlə çörək kəsib, saatlarla söhbət etdiyim, həmkarım Günel Gözəlovanın nümunəvi, əxlaqlı, nizam-intizamlı həyat yoldaşı Anar Gözəlovdan gedirdi. Bu çox iyrənc bir yalan idi. Və bu yalanı müdafiəsinə qalxdığı həkim Araz Bayramovun müdafiəsiz qalan və məcbur olub şərə, böhtana keçən vəkili deyirdi. Məqsəd isə bir idi – zərərçəkənin həyat yoldaşını çilədən çıxarıb, nalayiq ifadələr işlətməsinə səbəb omaq və bundan xal qazanmaq. Amma bu dəfə də alınmadı. Günel Gözəlova “Mənim həyat yoldaşım illərdir ki, bir dövlət qurumunun nəzdində fəaliyyət göstərən şirkətdə şöbə müdirinin müavini kimi məsul vəzifəni icra edir. İxtisasca maliyyəçidir. Psixoloji durumu yerində olmayan bir işçinin belə bir məsul vəzifədə çalışmasına hansı qurum icazə verərdi? ”- Bu suala da vəkil cavab verə bilmir. Çünki şər və böhtan danışdığının fərqindədir. Və özünü müdafiə etməyə çalışır “Mən elə demədim, siz fikirlərimi təhrif edirsiz” deyib, bu dəfə də dediklərini danmaq istəyir. Amma dəyərli vəkilimiz unudurdu ki, “Buta” klinikasının əməliyyat otaqlarından fərli olaraq Nərimanov rayon məhkəməsinin zallarında bütün proseslər, danışıqlar audio və video lentə yazılır. Sabah, danışdığı yalanlar öz əksinə işləyə bilər. Bunu da xatırlatmaq üçün yazdım!

Daha bir maraqlı faktı isə ötən məhkəmə iclasında olan jurnalist həmkarımdan eşitmişdim. Bəlkə də məhz bu səbəbdən inadla bu iclasa qatıldım, gözüm görüb, qulağım eşitsin deyə bu vəkilin “maraqlı” müdafiəsini. Deməli Asif Mədətov, yəni Araz Bayramovun vəkili ötən “müdafiə”sində belə bir fadə işlədib. “Günel xanım, mən evdən çıxıb məhkəməyə gəlirəm, bu iclasda əgər insult keçirsəm, o zaman siz, ya da hakimdirmi, günahkar?”…….mən illərlə kriminal jurnalistika ilə məşğul olan, ən qatı cinayətləri belə müdafiə edən vəkilləri dinləyib, lentə alıb, yazan bir əməkdar jurnalist kimi bu cavaba sadəcə məəttəl qaldım, bu yazımda da heç bir rəy yazmayacağımı qərara aldım.

Günel Gözəlova ilk məhkəmədən bugünə kimi, “Niyə gündə onlarla çoxfunksiyalı əməliyyatlar edilən bir Klinikada nevropotoloq yoxdur, kənardan 1 sutka sonra çağırdı Araz Bayramov? Beynində ciddi problemin olduğunu bilə və görə-gorə həmən MRT müayinəsi vacib deyən, özünün gətizdirdiyi nevropotoloqu niyə dinləmədi? 10 gün mənim həyat yoldaşım ağır beyin infarktı ilə ölə, təmailə şikəst qala bilərdi, nəyi gözləyirdi Bayramov?”-deyə vəkilə suallar ünvanlayır. İştirak etdiyim iclasda daha bir maraqlı “özünümüdafiə” gördüm. Deməli məhkəməyə dindirilməsi vacib digər insanlar, anestezioloq, əməliyyatın digər həkim qrupunun üzvləri olduğu halda, Bayramovun vəkili özünün kənardan 1 sutka sonra dəvət etdiyi nevropotolq Sevinc xanım adlı bir həkimi günahlandırır, onun rəyi ilə Anarı Klinikadan çıxardığını, MRT müayinəsini vacib görmədiyini deyir…bu dəfə səssiz, çox böyük hiddətlə gülümsünürəm. Görəsən cərrah Araz Bayramov öz vəkilinə bir cərrahın, hələ öz klinikasında baş həkimin atası, cərrahın özü olduğunu, yəni bütün qərarların necə ki, bir məhkəmədə hakimə, bir əməliyyatda da cərraha məxsus olduğunu anlatmışdımı? Görüünən o ki, vəkil cərrahın işinin nə olduğunu əslində anlamır, ya da anlamaq istəmir!

Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salındı. Bu müddətdə Səhiyyə Nazirliyinin ekspetləri həkim rəyləri, analiz cavabları əsasında Anar Gözəlovun əməliyyatdan sonra yaşadıqları, əməliyyat zamanı keçirdiyi ikitərəfli(sağ və sol) beyin infarktı, nəticədə hazırda müalicə səbəbi olan şəxsiyyət pozğunluğu diaqnozu ilə nitq və anlama qüsurlu olması, eləcə də digər səbəblər araşdırılacaq.

Vacib qeyd, daha bir araşdırma mövzusu….

Araz Bayramovun köməkçisi Şəhla Anar Gözəlovun həyat yoldaşına yazır ki, Anarı saat 19 fevralda, yəni əməliyyatın səhəri günü, saat 16.00-dan sonra Klinikadan çıxarda bilərlər. Günel Gözəlova həmin vaxt atasının yanında Milli Onkologiya Mərkəzində(faktlar var) olur. Anarın yanına gəldikdə isə Güneli Anarın yanına buraxmırlar və Günelin şübhələri, qorxusu artır. Nəticədə aydın olur ki, Araz Bayramov xəstənin ağır durumunu bilə-bilə Klinikadan çıxmasına nail olmaq istəyib. 27 fevralda xəstə yaxınlarını (MRT müayinəsindən öncə) Anarın ayaq üstə qalxa bildiyinə və buna görə tam sağlam olduğuna inandırıb, onu Klinikadan çıxardırlar. Daha sonra Günelin təkidi ilə, mart ayının 3-ü saat 10 radələrində xəstə yenidən Buta Klinikasına yerləşdirilir, səbəbsə MRT müayinəsi zamanı xəstədə əməliyyat vaxtı keçirdiyi aydın görünən ikitərəfli, çox təhlükəli yerlərdə müşahidə edilən beyin infarktı idi, lakin cərrah Araz Bayramov mart ayının 2-sinə qədər Anarı adıçəkilən Klinikada qeydiyyata almır.

Ardı var…

www.yenicag.az

1150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv