Aramızdan vaxtsız ayrılan bütün Ebrarlar üçün… – Aqil Ələsgərdən elegiya

media-hightechnic-468x90

Əslində, ilk gün yazmaq istədim. Qəhər boğdu, ikinci cümlədən o tərəfə keçə bilmədim. Aeroportdaydım, Bakıya uçan təyyarəyə miniyin başlamasını gözləyərkən çox istəsəm də, beynim “error” verdiyindən yazmağı bacarmadım.

İstənilən ölüm xəbəri insanın qəlbində acını oyandırır. Əgər dünyadan köçəni tanıyırsansa, o acı ikiyə, bəzən ona qatlanır.

Məsələn, Türkiyədəki zəlzələ hamımızı dərindən yaralamışdı. Ancaq həyat mücadiləsinə şəxsən şahid olduğum adıyamanlı Qədir və Əziz ustaların illərlə qürbətdə işləyib qazandıqları pulla tikdirdikləri evlərinin son mənzilləri olduğunu eşitmək məni dərindən sarsmışdı… Onların adı gələndə gözyaşım selə dönürdü… Çünki uzun bir yoldaşlığımız, tanışlığımız vardı və zəlzələnin yox etdiyi o evləri necə tikdirdikləri, hansı çətin şəraitə qatlaşdıqları gözümün önündə yaşanmışdı… Və uşaqları ilə bir ömür yaşamağı umduqları o evlər məzarları olmuşdu…

Bizim Ebrarı da uşaqlıqdan tanıyırdım. Mən tanıyanda 8-9 yaşı ya vardı, ya da yox. İki qardaş “Büyükfırat”ın ofisinə gələrdilər. Bəzən Hüseyn abiylə bərabər harasa gedəndə bizimlə olurdular. Daha çox Ebrar atasından ayrılmazdı, sanki hamıdan tez ondan ayrılacağını bildiyi üçün… Həyat dolu, nəşəli bir uşaq idi Ebrar… Onlar ofisdə olarkən bizim də üzümüz gülürdü…

Və günlər, aylar, illər keçdi, o səs-küylü uşaq imanlı, ağır bir gəncə çevrildi.

Hər kəsə örnək göstəriləcək, ciddi bir dəliqanlı oldu. Həm də bəzən danışarkən insana təcrübəli bir ağsaqqalla danışırmış hissini yaşadan biri…

Təhsilini ala-ala həm də davamlı olaraq atasının işlərini izləyirdi. Ara-sıra danışırdıq, istənilən mövzunu əhliylə məsləhətləşməyi sevirdi.

Çox səbirliydi… Mübahisə etməz, fikrini qarşısındakını incitmədən söyləyərdi. Tam da atasının oğluydu…

Haqqında da hər zaman müsbət nələrsə eşidirdim. Atasının adını uca tutur, öz adını da yüksəldirdi.

Atasına çox bağlı idi, sanki Hüseyn abinin gəncliyi idi… Artıq dostumun oğlu yox, dostum Ebrar idi o…

Qarşılaşdığımızda göstərdiyi sayğı, davranışı onu daha da sevdirirdi hər kəsə…

Bir gün Ebrardan kitab istədim. Hətta o kitab barədə həmin günlərdə İstanbuldan gəlməli olan bir neçə nəfərə yazmışdım. Üç gün sonra “Aqil abi, kitabı hara gətirim?” mesajıyla oyandım. Təhsilinin, işlərinin arasında o kitabı necə unutmadığını soruşdum. “Aqil abi, unutmamaq üçün “Kövsər”i oxudum” cavabını verdi.

Yeni nəslin içərisində, bəlkə, son “mogikan”lardan biriydi Ebrar…

Və biz, əslində, sadəcə Hüseyn abinin oğlunu deyil, belə bir örnək gənci itirdik…

Ebrar sadəcə Büyükfırat ailəsindən deyil, örnək göstəriləcək və sayları barmaqla az olan gənclərin sırasından getdi…

Ebrar Azərbaycan və Türkiyə gənclərinin sırasından bir ulduz kimi süzdü keçdi…

Geridə bir neçə videosuyla şəkli qaldı, bir də xatirələri…

Atanın bir sözü hələ də gözlərimin önündədir: “Ebrarcan, çox erkən getdin”…

Dörd sözdən ibarət cümlə o qədər ağır idi ki… Bir imanlı atanın taleyinə üsyan etmədən oğluna ünvanladığı nisgil dolu bir cümlə…

O cümləni hər oxuduğumda gözlərim sözümə baxmır…

Hamımızın ölümü dadacağımızı bilsək də, Ebrarların gedişi hər zaman insanın canını daha çox yandırır… Daha çox ağladır hər birimizi… Çünki bir daha onu görməyəcəyimizi düşünmək belə ürəkləri parçalayır… Yəhya Kamalın məşhur “Səssiz gəmi” şeirində dediyi kimi:

Biçarə könüllər, nə gedən son gəmidir bu!

Hicranlı həyatın son matəmidir bu!

Dünyada sevilmiş və sevənlər boşuna gözlər!

Bilməz ki, gedən sevililər dönməyəcəklər.

Bir çox gedənin hər biri məmnun ki yerindən,

Bir çox illər keçdi, dönən yox səfərindən…

Bu səfərdən dönməyəcəyini bilsək də, sən də bunu bil ki, səni hər zaman gözəl xatırlayacağıq, Ebrarcan…

Ailənin, dostlarının, imana-islama dəvət etdiyin gənclərin və səni sevən hər kəsin xatirəsində gözəl bir iz buraxaraq Allah dərgahına getdin, qardaşım…

Məkanın cənnət olsun, Ebrarcan…

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600