Azərbaycan ABŞ-ın sanksiyalarına tuş gələ bilər? – Fərqli mövqelər
Ərəstun Oruclu: “Əminəm ki, artıq Azərbaycana qarşı sanksiyalar mexanizmi işə salınmağa başlanacaq”
Aydın Mirzəzadə: “Adi bir məhkəmə prosesi münasibətlərin pozulmasına səbəb ola bilməz”
Ələsgər Əhmədoğlu: “Demək ki, bu açıqlamanı verənlər hər şeyə, o cümlədən də sanksiyalara hazırdırlar və öz yolları, planları var”
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsi artıq sanksiyalara yol açdı”
Bu fikirləri Yenicag.az saytına açıqlamasında politoloq Ərəstun Oruclu bildirdi. Onun sözlərinə görə, Xədicə İsmayılın bu şəkildə həbsi yersiz idi: “Kimsə intihar etmək istəyib. Həmin şəxs Facebook profilində aylarla yazırdı ki, intihar edəcək. Hər halda intihar etmək istəyən, bunu edir, bu haqda Facebookda iki ay ərzində yazmır. Bundan istifadə edilməsi dövlət orqanları adına həddən artıq aşağılayıcı addımdır. Amma Xədicə İsmayıl sıradan bir jurnalist deyil. Onu bəyənmək, bəyənməmək olar, nədəsə onunla razılaşmamaq olar. Fakt budur ki, Xədicə İsmayıl Azərbaycandan beynəlxalq səviyyədə tanınan çox az jurnalistdən biridir. Üstəlik ABŞ Yayım Şurasına daxil olan Azadlıq radiosunun önəmli əməkdaşlarındandır. Olayı bu günki ABŞ Azərbaycan münasibətləri konteksində nəzərə alsaq, əminəm ki, artıq Azərbaycana qarşı sanksiyalar mexanizmi işə salınmağa başlanacaq. Bu barədə artıq Avropa Parlamentinin qətnaməsində xəbərdarlıq da olunub. ABŞ mətbuatı da bu haqda yazıb. Senatda müzakirələrdə də bu kimi fikirlər səslənib. Xədicə İsmayılın həbsi isə, artıq sanksiyalara yol açdı. Sanksiyaların tətbiq olunacağı artıq çox da uzaqda deyil. Yayım Şurası sıradan bir qurum deyil, ABŞ-a məxsus ciddi bir qurumdur. Bu qurumun fəaliyyəti çox şaxəlidir. Dövlət siyasətinin müəyyənləşməsində çəkisi olan bir qurumdur. Onların bəyanatları da kifayət qədər sərtdir, yəni burada xahiş olunmur, tələb olunur, Azərbaycan mediasında vəziyyətin durmadan pisləşdiyi qeyd olunur. Azərbaycan hakimiyyətində görəsən düşünürlərmi söhbət nədən gedir və bu addımlar hara aparır? Mənim təsəvvürümdə düşünmürlər. Ya kənardan bu siyasəti kimsə Azərbaycana sırıyıb, ölkəmizi durmadan anti-amerika istiqamətinə doğru itələyir. Amerika hökuməti 11 ildir ki, İlham Əliyev hökumətini qorumaqla məşğul olub. Sadəcə anlamıram ki, bu nəyə lazımdır? Siyasi texnologiya və politologiya nöqteyi-nəzərindən bunu sadəcə olaraq, ABŞ-la münasibətləri korlamaq, dağıtmaq kimi anlamaq olar. Amma bu kimə lazımdır? Niyə Azərbaycan rəsmilərinə bu lazımdır, bax bunu anlamıram. Müəyyən diplomatik çevrələrlə təmaslarım olub. Görürəm ki, Ramiz Mehdiyevin həmin yazısında ABŞ-ın ünvanına yönəlik ittihamlarla bağlı artıq çox pis atmosfer formalaşıb. Xədicə İsmayılın həbsinin də bu fonda baş verməsi atmosferin ab-havasını bir qədər də tündləşdirir. Bu baxımdan ümid edirəm ki, ağır fəsadlar olmayacaq. Amma əminəm ki, yaxın vaxtlarda Azərbaycana, ölkə rəsmilərinə sanksiyalar məsələsi gündəmə gələcək. İlk növbədə bəzi Azərbaycan rəsmilərinə viza məhdudiyyəti tətbiq olunacaq, onların bank hesablarına həbs qoyulacaq”.
Millət vəkili Aydın Mirzəzadə isə Yenicag.az-a açıqlamasında bildirdi ki, “Hesab etmirəm ki, adi bir məhkəmə prosesi münasibətlərin pozulmasına səbəb olsun. Bu səhv mövqedir. Xədicə İsmayıl konkret cinayət hadisəsinə görə müvəqqəti saxlanıb. Azərbaycan mətbuatında müxtəlif mövqelər həmişə açıq bildirilir və azad mətbuatın mövcudluğuna dövlət həmişə qayğı göstərir”.
Tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu hesab edir ki, “son dövrdə vətəndaş cəmiyyətinin fəallarına, insan hüquqları müdafiəçilərinə QHT sektoruna, olan basqılar, həbslər Azərbaycanda media azadlığına, demokratiyaya zərbə kimi qiymətləndirilir. Amma hər şeydən öncə, ölkəmizin müstəqilliyini əldə etdyindən bu günədək, beynəlxalq imici bu qədər ciddi zərbə altına düşməmişdi. Son həbs, xüsusilə Azərbaycanda bir sıra korrupsiya faktlarına dair araşdırmaları ilə beynəlxalq miqyasda tanınan araşdırmaçı-jurnalistin həbsi ciddi problemdir. Bu təkbaşına bir sanksiyaya səbəb olmasa da, son günlər Azərbaycanın yüksək çinli şəxsləri tərəfindən ABŞ-i terrorizmə dəstək verməkdə suçlamaların səsləndirilməsi, münasibətləri olduğundan da ciddi gərir. Öncə ABŞ və qərvd dövlətlərinin təşkilatlarını, qurumlarını hədəf alırdılar, indi birbaşa ABŞ-ı hədəf kimi göstərirlər. Demək ki, bu açıqlamanı verənlər hər şeyə, o cümlədən də sanksiyalara hazırdırlar və öz yolları, planları var. Amma münasibətləri bu qədər gərmək, öz vətəndaşlarını basqı altında tutmaq, ifadə azadlığına, mülki cəmiyyət qurumlarına zərbələr vurmaq Azərbaycana, onun nüfuzuna və hətta yönətiminə reytinq gətirməz. Bir az xoşgörülü olmaq, cəmiyyəti az gərmək lazımdır”.
Rüfət/Yenicag.az