!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ƏN BÖYÜK ZƏNGİNLİYİ: Savaşda bütövləşən milli rəngarənglik

!Reklam – Yazi

Tarix boyu müxtəlif etnik qruplara, dini konfessiyalara ev sahibliyi etmiş Azərbaycan bu tarixi ənənələri dünya ölkələrinə örnək olacaq tərzdə bu gün də davam etdirir.

Əhatə etdiyi coğrafi mövqe, insan və humanizm anlayışını daim yüksəkdə tutması tarixdən süzülüb gələn multikulturalizm və tolerantlıq ənənələrinin indi də ən yüksək şəkildə davam etdirilməsinin əsasını təşkil edir.

Heç kəsə sirr deyil ki, müxtəlif etnik qrupların və dini birləşmələrin yaşadıqları ölkələrin idarəetməsində bu fərqliliklərdən qaynaqlanan problemlər üzə çıxır, dövlətlərin bununla bağlı konkret siyasi konsepsiyaları olmadığından, etnik qruplar və müxtəlif inanclara sahib insanlar arasında ümumbəşəri prinsiplərə zidd olaraq fərq qoyulduğundan bu problemlərin həlli istiqamətində nəticəyönümlü addımların atılması da çətinləşir.

Ancaq Azərbaycan multikulturalizm, tolerantlıq ənənələrinin yaşadılması, davam etdirilməsi və bunun dövlət siyasətinə çevrilməsi baxımından əksər inkişaf etmiş ölkələrə nümunə ola biləcək durumdadır.

Tolerantlıq sözü hərfi mənada “dözümlülük” kimi başa düşülməlidir, lakin bu anlayışın elmi ədəbiyyatda mənalandırılması fərqlidir.

Tolerantlıq – dini və milli müxtəlifliyin etiraf edilərək ona hörmətlə yanaşılmasıdır.

Azərbaycanda dini tolerantlıq insanların ibtidai dünya görüşündən başlamış oturuşmuş islam dinin bölgədə yayılmasınadək geniş bir tarixi əhatə edir. Müxtəlif dini görüşlərin, inancların və dinə fəlsəfi baxışların meydana gəldiyi Azərbaycan sözügedən inam və düşüncə sistemlərinin bir növ mənbəyi rolunda çıxış edir.

Zərdüştilik, manilik, məzdəkilik, xristianlıq, islam, islama fəlsəfi baxışı özündə əks etdirən hurufilik, sufilik, həmçinin məzhəbi fərqlər – sünnilik, şiəlik Azərbaycan tarixi ilə sıx bağlıdır.

Bu torpaqlarda meydana gələn və ya sonradan bölgədə yayılmış müxtəlif inancların özülündə sözügedən ənənələrin dayanması bu müxtəlifliklərin günümüzədək gəlib çatmasının mühüm səbəblərindəndir.

Tarixi yaddaşın, fərqli inanclara, müxtəlif dünya görüşlərinə hörmətlə yanaşmağın bir mədəniyyət halında gələcək nəsillərə ötürülməsi müasir Azərbaycanın etnik və dini tərkibinə münasibəti formalaşdırıb.

Azərbaycan ərazisində yaşayan fərqli dini görüşlərə – xristian, müsəlman, yəhudi – sahib insanlar tarixi ənənələrin davamı olaraq bu gün tam olaraq, aralarında heç bir fərq qoyulmadan dövlət qayğısı ilə əhatə olunublar.

Çünki Azərbaycanın dövlət siyasətinin əsasında vətəndaş konsepsiyası durur.

Azərbaycan həm də müxtəlif etnik qrupların məskunlaşdığı, onlara ev sahibliyi deyil, Vətən olan bir ölkədir. Tarixlə sıx bağlı olan dini və etnik müxtəlifliklərin qorunması, mühafizə edilməsi, üstünlük təşkil edən dini və milli qruplarla heç bir ayrı-seçkiliyə yol verilməməsi həyata keçirilən siyasətlə birbaşa əlaqəlidir.

70 illik sovet əsarəti dönəmində Azərbaycan əhalisinin dini görüşləri məhdudlaşdırılmış, insanların milli-mənəvi dəyərlərindən, köklərindən qoparılması üçün siyasət yürüdülmüşdü. Lakin SSRİ-nin dağılması fonunda Azərbaycanın müstəqillik qazanması, ölkədə siyasi sabitliyin bərqərar edilməsi ilə tolerantlıq və multikulturalizm dövlət siyasəti halına gəlmişdir.

Azərbaycanda tolerantlıq və çoxmədəniyyətliliyin dövlət siyasəti halına salınması, heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti, şəxsən özünün xaraktercə tolerant olması onun həyat və fəaliyyətində həmişə özünü büruzə vermişdir. Ulu öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra, yəni 1993-cü ildə prezident seçildikdən sonra, oktyabrın 10-da andiçmə mərasimindəki nitqində Azərbaycanda mövcud olan dinlərin həmişə bərabər hüquqa malik olduğunu vurğulamış, dinlər və mədəniyyətlər arasındakı bu münasibətləri daim qoruyacağına and içmişdir.

Heydər Əliyev andiçmə mərasimindəki çıxışında, “Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır”, – deyərək ölkənin gələcək siyasətinin hansı təməl prinsiplər əsasında inşa ediləcəyinin anonsunu vermişdir.

Heydər Əliyev qatıldığı bütün beynəlxalq tədbirlərdə milli azlıqlar və dini məzhəblər arasında zəruri olan tolerantlıq və multikultural dəyərlərlə bağlı fikirlərini bildirmiş, xüsusən indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.

Ümummilli liderin həyata keçirdiyi siyasət nəticəsində dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addımlardan biri 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Daha sonra onun təşəbbüsü ilə 20 avqust 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Azərbaycan çoxmillətli dövlətdir. Respublikamızda bir çox millətlər əsrlər boyu birlikdə yaşayırlar. Bildiyiniz kimi, Azərbaycanda İslam dini ilə yanaşı, xristianlıq və iudaizm dinləri də var və onlar bir-biri ilə çox mehriban şəraitdə fəaliyyət göstərirlər. Biz bunu bəyan etmişik. Azərbaycanın Prezidenti kimi, mən dəfələrlə qeyd etmişəm ki, ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur”, – deyə bütün dünyaya Azərbaycanın hansı dəyərlərə sahib olduğunu nümayiş etdirən Heydər Əliyevin bu siyasəti onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən layiqilə davam etdirilir.

“Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”, – deyən İlham Əliyevin ölkədəki müxtəlif etnik və dini qruplara məxsus tarixi abidələrin bərpa edilməsi haqqında göstəriş verməsi, bu qrupların yaşadığı bölgələrin inkişafı konsepsiyasını elan etməsi, bölgələrin sosial-iqtisadi inkişafının dəstəklənməsi məqsədilə dövlət proqramlarını həyata keçirməsi, multikulturalizm ənənələrinin ölkədə hansı səviyyədə qorunduğunun bütün dünyaya elan etməsinin nəticəsi olaraq Azərbaycan bu gün tolerantlığın və multikulturalizimin beşiyi hesab edilir.

Azərbaycanın həyata keçirdiyi multikultural və tolerant siyasət yalnız milli xarakter daşımır, həm də beynəlxalq siyasət formasını alıb.

Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülən və tarixə “Bakı Prosesi” kimi düşən təşəbbüs də bu dəyərlərin qlobal xarakter almasında önəmli adımlardan olmuşdur. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edən tolerantlıq və multikulturalizm sahəsində keçirilən tədbirlərin nəticəliliyinə dair ən bariz nümunə isə 44 günlük Vətən müharibəsi oldu.

Azərbaycanın ərazi bütünlüyünün bərpa edilməsi istiqamətində ölkə başçısı – Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlara dinindən və milliyyətindən asılı olmayaraq bu torpaqları Vətəni kimi görən avar, talış, ləzgi, udi, yəhudi, inqiloy, rus gənclərinin döyüşə qatılması, onların Vətən torpaqlarını işğaldan azad etməsi əsası Heydər Əliyev tərəfindən qoyulan və layiqilə davam etdirilən tolerantlıq və etnik müxtəlifliyin qorunması siyasətinin nəticəsidir.

Aqil Bəkir

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və Milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv