“Azərbaycanın nə bu “seçki”lərin nəticələri ilə, nədəki pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin qərəzli davranışı ilə, “ikili standartlar” siyasəti ilə barışmaq fikri yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsinin təfərrüatlarına münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Əlisahib Hüseynov bildirib ki, pandemiya dönəmində atılan məlum məsələ işğalçı Ermənistanın üzv olduğu bütün beynəlxalq qurumlarda geniş müzakirə olunmalı və rəsmi İrəvandan bunun izahı tələb olunmalıdır:
” Çünki qondarma xunta rejiminin Dağlıq Qarabağda keçirdiyi saxta “prezident və parlament seçkiləri”nə, şou və təlxəklər tamaşasına məhz təcavüzkar Ermənistan patronajlıq edib. Bu ölkənin Baş naziri Nikol Paşinyan bu prosesə əvvəldən-axıra qədər şəxsən özü rəhbərlik edib, yön verib. Odur ki, hesab da məhz rəsmi İrəvandan tələb edilməlidir. Ancaq Avropa Şurası Paşinyandan belə bir hesabı tələb edəcəkmi? Əmin deyilik. Çünki qondarma xunta rejiminin Dağlıq Qarabağda 31 martda keçirdiyi “prezident” və “parlament”, 14 apreldə keçirdiyi 2-ci tur “prezident” seçkiləri və 21 mayda keçirdiyi “andiçmə” mərasimi AŞPA rəsmilərinin gözü önündə keçirilib. Hər kəs Dağlıq Qarabağda məhz N.Paşinyanın “xeyir-dua”sı ilə xunta rejimi tərəfindən pandemiya dövründə nə baş verdiyini bilirdi, görürdü. Lakin dünyanın supergücləri və AŞPA kimi siyasi təşkilatlar özlərini sanki bu “seçki” və “andiçmə” məzhəkələrini görmürmüş kimi aparmağa üstünlük verdilər. Onlar ləyaqətsizcəsinə susdular.
Prezident İlham Əliyev də iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı məhz bu riyakarlığa öz haqlı etirazını bildirərək AŞPA-nın və digər ermənipərəst qüvvələrin ədalətsiz mövqeyini çox sərt şəkildə qınadı. Dövlət başçımız qeyd etdi ki, “Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunu bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalı və gündəmə gətirilməlidir”.
Gördüyümüz kimi, Prezident İlham Əliyev hər zaman insani dəyərlərdən, insan haqqlarının qorunmasının vacibliyindən dəm vuran AŞPA kimi qurumların Ermənistanın və xunta rejiminin pandemiya şəraitində Dağlıq Qarabağda təşkil etdikləri “seçki”lər zamanı insan həyatına ucuz yanaşdıqlarını onların üzünə çırpdı”.
Əlisahib Hüseynov vurğulayıb ki, bu məsələdə ən çox qınanılmalı olan tərəflərdən biri də məhz Ermənistan hakimiyyətidir. Çünki öz sələfləri kimi hər zaman hiyləgər siyasi fəndlərdən istifadə etməyə öyrəşmiş Nikol Paşinyanın xəstə təfəkkürünə görə Dağlıq Qarabağda “prezident və parlament seçkiləri”nin məhz “Covid-19” pandemiyası şəraitində keçirilməsi daha əlverişli sayılırdı. Onun düşüncəsinə görə, dünya dövlətlərinin və beynəlxalq təşkilatların başının pandemiya ilə mübarizəyə qarışdığı bir şəraitdə seçkini maneəsiz və kənar təzyiqlər olmadan keçirmək üçün münbit ortam yaranacaqdı. Belə də oldu. AŞPA-nın məruzəçiləri pandemiyanı bəhanə edib “qeyb”ə çəkildilər. Həmsədrlər də işğalçı Ermənistanın və Dağlıq Qarabağdakı xunta rejiminin üzərinə getmədilər. BMT-nin Baş katibi Antonio Quttereş isə ümumiyyətlə öz görəvini unutdu. O, pandemiya şəraitində seçkilərin keçirilməsinin yolverilməz olduğunu bəyan etmək əvəzinə, münaqişə tərəflərini atəşkəsə dəvət etdi.
Bir sözlə, beynəlxalq ictimaiyyətin vicdanı və gözü bu məsələdə kor qaldı. Ermənistan rəhbərliyi və xunta rejimi isə yaranmış bu şəraitdən sui-istifadə edib məlum “seçki” və “inauqurasiya” məzhəkələrini həyata keçirdilər. Ancaq Azərbaycanın isə nə bu “seçki”lərin nəticələri ilə, nədəki pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin qərəzli davranışı ilə, “ikili standartlar” siyasəti ilə barışmaq fikri yoxdur. Azərbaycan həm siyasi-diplomatik vasitələrdən, həm də öz hərbi potensialından istifadə edərək torpaqlarımızın işğaldan azad edilməsinə nail olacaq. O zaman Dağlıq Qarabağdakı separatçıları, terrorçuları nə AŞPA-nın himayəçiliyi, nədəki Ermənistan hakimiyyətinin siyasi avantürizmi xilas edə bilməyəcək”.
Gülşən Şərif
www.yenicag.az