19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ülkü Özdemirlə Hadice Özdemirin bacısı Betül Özdemir ailə üzvləri tərəfindən döyülüb.
Yenicag.az saytına açıqlama verən Betül başına gələnləri danışıb:
“Hər üçümüz Almaniyada doğulmuşuq. Əslimiz isə Trabzondandır. Ailəmlə bağlı problemlərim vardı. Bacılarım məni yad hesab edirdilər. Artıq vəziyyət dözülməz həddə çatmışdı. Buna görə də evdən ayrılmaq məcburiyyətində qaldım. Son 6 aydır ki, bacılarım vasitəsi ilə tanıdığım, onlarla komanda yoldaşı olmuş Gizem Tenekicinin evində qalıram”.
Betül Özdemir baş verən dəhşətli hadisəni belə xatırlayır:
“Məktəb üçün sənədlərimi evdən götürməli idim. Gizem və anası ilə ailəmin qaldığı evə getdik. Bizə xoş olmayan münasibət göstərdilər, təhqir etdilər. Bunun ardınca da üzərimizə hücum çəkdilər. Həmin an qohumlarım da orada idi. Gizemə və anasına ciddi xəsarət yetirdilər. Məni isə ölümcül şəkildə döydülər. Bu azmış kimi “kuzen”im tərəfindən meşəyə qaçırıldım. O, məni meşəyə qaçıranda artıq bu barədə polisə məlumat verilmişdi. Polislər gəlib, bizi onların əlindən xilas etdilər. İnanın ki, öz ailəm haqda bunları danışmaq mənim üçün çox ağırdır. Bacılarımın da məni döyənlər arasında olması çox üzücüdür. Amma təəssüf ki, bütün bunlar reallıqdır. Gizemin ailəsinə təşəkkürümü bildirirəm. Xoşagəlməz hadisəyə baxmayaraq, mənə sahib çıxmaqda davam edirlər”.
Betül xanımın hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən çox ciddi şəkildə xəsarət alıb. Bu, sizə təqdim etdiyimiz özəl fotolarda da öz təsdiqini tapıb. Bundan başqa polisə edilən müraciətin və Betülün müalicə aldığı xəstəxanadan verilən arayışın da fotosunu təqdim edirik:
Bəs görəsən, bacılarını döyən milli üzvlərinin yığmadakı gələcək karyeraları necə olacaq? Bu biabırçılıqdan sonra yenidən milliyə cəlb ediləcəklərmi? 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Əsgərli saytımıza açıqlama verərək, məsələyə belə münasibət bildirib:
“Mən yalnız təlim-məşq toplanışı zamanı məsuliyyət daşıyıram. Məni düzgün başa düşün. Bu, onların şəxsi həyatında baş verib. Özdemir bacıları ilə əlaqə saxladıq. Belə bir şeyin olmadığını dedilər. Sözsüz ki, bu xoşagəlməz hadisənin baş verdiyi təsdiqlənsə, onlar bir daha milliyə dəvət almayacaqlar”.
Vüqar Əsgərlinin bu qərarı AFFA tərəfindən də dəstəklənəcək. Bunu saytımıza açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu söyləyib:
“Millini baş məşqçi formalaşdırır. O, nə qərar versə, dəstəyimiz sonsuzdur. AFFA bununla bağlı müvafiq şəxslər vasitəsi ilə hər iki tərəflə əlaqə saxlayıb. Polis araşdırmanı davam etdirir”.
Emin Səfərov
Yenicag.az
www.yenicag.az