Banklar, kripto və “kölgə donanması”: Aİ Rusiyanın maliyyə damarlarını KƏSİR
“Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketi hazırlanması beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Ramiz Əliyev deyib.
O bildirib ki, bu paketdə əsas diqqəti cəlb edən məqam Rusiya təbii qazının (LNG) idxalından mərhələli imtina, bank sektoruna məhdudiyyətlər, kriptovalyuta əməliyyatlarının nəzarətə götürülməsi və “kölgə donanması” adlandırılan Rusiya neft tankerlərinin qarşısının alınması istiqamətində atılan addımlara yönəlib:
“Avropanın Rusiya qazından imtina siyasəti həm strateji, həm də siyasi baxımdan mühüm addımdır. Lakin burada iki əsas problem mövcuddur. Əsas məsələ alternativ mənbələrin məhdudluğudur. Qaz təchizatında Norveç, Qətər, ABŞ və digər tərəfdaş ölkələrin rolu artırılsa da, Rusiya qazının tam əvəzlənməsi hələlik mümkün deyil. Digər diqqətəlayiq məqam qiymət və inflyasiya təzyiqidir. Rusiya qazından imtina enerji qiymətlərinin yüksəlməsi ilə nəticələnir, bu isə Avropa ölkələrinin daxili iqtisadi və sosial sabitliyinə birbaşa təsir edir”.
“Sanksiyalar paketi siyasi baxımdan nə qədər sərt olsa da, praktik təsirinin mərhələli və məhdud olacağı gözlənilir. Rusiyanın ənənəvi bank sistemləri üzərindəki məhdudiyyətləri son illərdə kriptovalyuta əməliyyatlarına yönəlməsini gücləndirib. Yeni sanksiyalarla bu maliyyə kanallarının da bağlanması Moskvanın maliyyə manevr imkanlarını məhdudlaşdıra bilər. Lakin Rusiya artıq Çin və Hindistan kimi ölkələr vasitəsilə milli valyuta hesablaşmalarına üstünlük verdiyi üçün tam təsirin olub-olmayacağı sual altındadır. Trampın qeyd etdiyi kimi, Rusiya neftindən tam imtina müharibənin dayandırılması üçün mühüm addım ola bilər”, – deyə o, əlavə edib.
Ekspert bildirib ki, bu məsələdə də reallıq nəzərə alınmalıdır:
“Rusiya dünyanın ən böyük neft ixracatçılarından biridir və onun bazardan kənarlaşdırılması qlobal qiymətlərin kəskin artımına səbəb olacaq. Avropanın mövqeyi ABŞ ilə razılaşdırılsa da, Çin, Hindistan və digər Asiya ölkələrinin Rusiya neftinə tələbi davam edir. Bu isə Moskvanın iqtisadi itkilərini tam kompensasiya etməyə imkan verir. Sanksiyaların əsas məqsədi Rusiyanın müharibəni dayandırmağa məcbur edilməsidir. Ancaq əvvəlki 18 paket göstərib ki, bu tədbirlər Moskvanın iqtisadiyyatına müəyyən zərbə vursa da, siyasi və hərbi qərarlarına həlledici təsir göstərmir”.
R .Əliyev bunun səbəblərini də açıqlayıb:
“Rusiyanın alternativ bazarlara çıxış imkanlarının mövcudluğu, qlobal enerji balansında oynadığı mühüm rol, müharibə siyasətində daxili siyasi legitimliyi enerji gəlirləri ilə qoruyub saxlayır. 19-cu sanksiyalar paketi Rusiya üzərində təzyiq mexanizmlərini gücləndirsə də, müharibəni dayandırmaq üçün kifayət qədər təsirli olmayacaq. Trampın vurğuladığı kimi, Rusiyanın enerji resurslarından tam imtina nəzəri cəhətdən mühüm vasitə ola bilər, lakin praktikada bu, qlobal iqtisadi sabitliyə ağır zərbə vuracağı üçün yaxın perspektivdə mümkün görünmür. Əslində, müharibənin dayandırılması yalnız enerji və maliyyə sanksiyaları ilə deyil, daha geniş diplomatik təşəbbüslərin, beynəlxalq hüququn aliliyinin təmin edilməsi və beynəlxalq birliyin vahid mövqeyi ilə mümkündür”.
Məlik Məlikov