!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq aləmdə ciddi rezonans doğuran GÖRÜŞ: Rusiya Qərbə alternativ Şərq modeli yaradır

!Reklam – Yazi

“Hindistanın baş naziri Narendra Modi dünən Moskvaya səfər etdi və səfər vaxtı onun Putinlə Moskva yaxınlığındakı Novo-Oqaryovo rezidensiyasında səmimi görüşü oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O, Hindistanın baş naziri Narendra Modinin Rusiya səfəri ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu görüş beynəlxalq aləmdə ciddi rezonans doğuran bir görüşdür.

“O baxımdan ki, Hindistan Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi mümkün qədər balanslı siyasət yürütməyə çalışırdısa, hazırkı səfər artıq Hindistanın Rusiyayönümlü mövqe aldığının göstəricisi kimi, bəzi Qərb dairələri tərəfindən qiymətləndirildi. Bu, Narendra Modinin üçüncü dəfə baş nazir seçildikdən sonra ilk səfəridir və onun məhz ilk səfərini Rusiyaya etməsi Qərb dairələrində müəyyən şübhələr doğurdu. Ukrayna prezidenti Volodimir Zelenskinin bununla bağlı tənqidi də oldu. Zelenski özünün “X” hesabında bunu məyusedici bir addım kimi qiymətləndirib”, – deyə o əlavə edib.

S. Zahidov diqqətə çatdırıb ki, Hindistan Rusiya ilə münasibətlərində hər nə qədər ehtiyatlı olmağa çalışsa da, iki ölkə arasında Rusiya-Ukrayna müharibəsindən etibarən ticarət dövriyyəsi də xeyli artıb:

“Ən son 65 milyard dollarlıq ticarət dövriyyəsi iki ölkə arasında mövcud olub. Eyni zamanda, bilirik ki, Rusiya Hindistana güzəştli qiymətlərlə neft satır və Hindistanın neft idxalının 43%-i təxminən Rusiyadan gələn neftə hesablanıb. Belə olan halda, deyə bilərik ki, Rusiyanı bu qədər sanksiyalara rəğmən, ayaqda saxlayan ölkələrdən biri Çindən sonra Hindistandır. Bu da sözsüz ki, Qərbin narazılığına səbəb olur və Qərb hər vəchlə bu bağı qoparmağa çalışsa da, buna nail ola bilmir”.

Politoloqun fikrincə, Rusiya hazırda Qərbə alternativ olaraq Şərq modelini yaratmağa çalışır:

“Bu BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və s. qurumlardır. Bütün bu platformalar həm də bunun üçündür. Yəni Rusiya istəyir ki, NATO-ya alternativ bir blok yaratsın. Düzdür, bu blok hələ tam şəkildə formalaşmayıb və NATO timsalında Şərqdə bir təşkilat hələlik yoxdur. Amma hazırkı proseslərin gedişatı onu göstərir ki, Rusiya-Ukrayna müharibəsində Rusiyaya dəstək olan dövlətlər var və o dövlətlər Rusiya ilə bağını kəsməyəcəklər. Bu da artıq Şərqdə Rusiyanın başçılığı ilə yeni bir blokun yaranması ehtimalını çoxaltmış olur”.

“Bir zamanlar məşhur amerikalı sosioloq və politoloq Samuel Hantinqton özünün “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” əsərində qeyd edirdi ki, növbəti dünya müharibəsi sivilizasiyaların arasında olacaq. Amma bu konsepsiya indiki halda özünü göstərməmiş oldu. Çünki hazırda biz dünyada fərqli geosiyasi blokların yaranmasını görürük ki, bu bloklarda da sivilizasiya amili əhəmiyyətli deyil. Yəni Rusiya, Hindistan ikisi fərqli sivilizasiyadır, Çin isə daha fərqlidir. Postsovet məkanında müsəlman ölkələri var, Rusiya Afrika ölkələri əməkdaşlığını davam etdirir və s. Bu da sözsüz ki, Rusiyanın Ukrayna müharibəsində nəinki məğlub olmasına, əksinə, daha da güclənməsinə vəsilə olan amillərdir. Çünki Rusiyanın alternativ kanalları var və belə olan halda, Rusiya-Ukrayna müharibəsi uzanacaq. Çünki Rusiya heç bir halda geri çəkilmək istəməyəcəkdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv