Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2024-cü ilin 11 ayında Azərbaycanda nikahların sayı azalıb, boşanmalarda isə heç bir dəyişiklik olmayıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən isə ötən il 46.146 nikah və 19.597 boşanma halı qeydə alınıb. Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1.000 nəfərinə nikahların sayının 5,3-dən 4,9-a düşdüyünü, boşanmaların isə 2,1 səviyyəsində qalaraq dəyişmədiyini göstərir.
Bəs, görəsən, nikahların sayı niyə azalıb?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, bunun bir neçə səbəbi var:
“Ən başlıcası, klassik ailə institutlarını hədəfləyən bəzi bir neçə layihələr mövcuddur. Bunlara misal olaraq müəyyən televiziya verilişlərini, saytları qeyd etmək olar. Hansı ki, həmin layihələr, televiziya verilişləri klassik ailə institutlarını hədəfləyir. Onlar gender bərabərliyi adı altında, qadınların hüquqlarının müdafiəsi adı altında qadın-kişi qarşıdurması yaradırlar”.
Sosioloqun fikrincə, boşanmalara əlavə fakt olaraq, xəyanətləri də nümunə çəkə bilərik:
“Bəli, deyə bilərsiniz ki, əvvəllər də xəyanət vardı, amma xəyanət xəbərlərini bu qədər qloballaşdıran sosial şəbəkələr yox idi. Bir növ sosial şəbəkə platformaları ailə xəyanətlərini üzə çıxarır. Bu da bir növ digər ailələrə təsir edir və şəxslərarası inamsızlıq yaradır və ailələrdə münaqişələrin sayını artırır”.
Ekspert qeyd edib ki, boşanmaların baş verməsi təkcə ailəyə pis təsir etmir, əksinə, həm də ailə tərkibində olan uşaqlarda da psixoloji, mənəvi sarsıntı yaradır və gələcəkdə onların da ailə başçısı olmalarına müəyyən dərəcədə mənfi təsir göstərir.
“Son statistikaya nəzər salsaq, əvvəllər 30-40 yaşlı ailələr arasında boşanma çox olduğu halda, son dövrlərdə hətta 50 və yuxarı yaş qrupları olan ailələrdə də boşanma hallarına rast gəlirik. Həmçinin ölkədə asılılıq yaradan maddələr səbəbindən də boşanma halları baş verir”, – deyə o, əlavə edib.
Mütəxəssis yekunda onu da bəyan edib ki, müvafiq qurumların nəzdində Azərbaycanda münaqişəli ailələrin qeydiyyatı aparılsın və onlarla sosial-psixoloji işlər aparılsın:
“Bunun nəticəsində də profilaktik yollarla biz ailədaxili münaqişələrin, boşanmaların qarşısını ala bilərik”.
Nəzrin Bünyatova
www.yenicag.az