“Böyük Qayıdış” – Milli dirçəlişin, torpağa və köklərə dönüşün rəmzi
“Böyük Qayıdış” Azərbaycanın müasir tarixində milli dirçəlişin, torpağa və köklərə dönüşün rəmzidir. Bu təşəbbüs işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını, doğma yurdlarına qayıdan insanların arzularını və səylərini ifadə edir. Böyük Qayıdış, sadəcə fiziki məskunlaşma deyil, həm də mənəvi, mədəni və iqtisadi dirçəlişin başlanğıcıdır. Qısacası, keçmişlə gələcəyi birləşdirən müqəddəs körpüdür.
Prosesin mərkəzində insan dayanır. Yəni doğma kəndini, ocağını, məzarını, təbiətini yenidən qucaqlayan Azərbaycan vətəndaşı. Dövlətin həyata keçirdiyi genişmiqyaslı layihələr, infrastrukturun qurulması, sosial və iqtisadi imkanların yaradılması, Böyük Qayıdışın davamlı və uzunmüddətli olmasına xidmət edir. Hər bir qayıdış ailəsi ilə birlikdə bölgələrə yeni nəfəs, yeni həyat gətirir.
Böyük Qayıdış həm də milli birliyin və qürurun təcəssümüdür. Bu, xalqın öz torpağına sahib çıxmasının, itirilmiş dəyərlərin yenidən bərpasının və gələcəyə inamla addımlamasının göstəricisidir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işlərinin tərkib hissəsi olaraq əlbəttə ki, “Böyük Qayıdış” konsepsiyası çərçivəsində də işlər davam etdirilir.
“Məhz müharibədəki böyük zəfərimizdən dərhal sonra başlanan bu quruculuq prosesində ən vacib istiqamətlərdən biri uzun illər, 30 ildən artıq bir müddətdə doğma yurd-yuvasından didərgin düşmüş, qaçqın və köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın öz torpaqlarına, doğma evlərinə, ocaqlarına qayıdışı proqramı olmuşdur.
Bu proqram böyük uğurla həyata keçirilməyə başlanmış və artıq 5 ilə yaxındır ki, işğaldan azad edilmiş bütün bölgələrimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə və uğurla davam etdirilir. Artıq on minlərlə soydaşımız ata-baba yurduna qayıdıb. Təəssüf ki, işğal dövrü torpaqlarımızda evlərimiz viran edilmiş, yaşayış məntəqələri yerlə-yeksan olunmuşdu. Lakin dövlətimiz həmin yerlərdə bütün müasir standartlara uyğun rahat evlər və yaşayış məhəllələri inşa edərək məcburi köçkünləri yeni evlərlə təmin edib. İnsanlarımız doğma yurdlarına qayıdaraq öz evlərinin daimi sakinlərinə çevriliblər.
30 ildən artıq davam edən işğal ağrısına baxmayaraq, ölkəmizin digər bölgələrində inkişafı, quruculuğu davam etdirdik. Azərbaycanımızın bütün regionları yeni simasını qazandı. Son 5 ildə isə bu dövlət proqramları xüsusilə Qarabağa yönəldildi. Qarabağın infrastrukturu, abadlıq, tikinti və nəqliyyat sahələrində çox böyük layihələr həyata keçirilir.
Bu işdə, təbii ki, Azərbaycanın dost və tərəfdaş ölkələri də iştirak edir. Xarici şirkətlərin də bərpa və quruculuq prosesində yer alması çox təqdirəlayiqdir. Biz Qarabağa onun əvvəlki gözəlliyini, “cənnət” adını qaytarırıq, vətəndaşlarımızı doğma yurdlarına qaytarırıq. Gələcəkdə isə Şuşa, Xankəndi, Ağdam, Füzuli və digər azad olunmuş şəhərlərimiz, paytaxt Bakı, Gəncə, Sumqayıt və Mingəçevir kimi böyük, müasir və abad şəhərlərə çevriləcəkdir”, – deyə o yekunlaşdırıb.
Siyasi şərhçi Əlabbas Məhərrəmli isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” konsepsiyası ardıcıl şəkildə həyata keçirilir.
“Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində Qarabağ sanki yenidən doğulur. Bu gün Şuşada, Xankəndidə, Ağdamda, Füzulidə aparılan quruculuq işləri sadəcə bərpa deyil, eyni zamanda müasir, ağıllı və yaşayış üçün ideal şəhərlərin yaradılmasıdır.
Bilirik ki, azadlıqdan sonra həmin ərazilərdə geniş quruculuq işləri aparılıb. O cümlədən beynəlxalq standartlara cavab verən hava limanları tikilib. Artıq həmin torpaqlarda bir neçə beynəlxalq tədbir keçirilmiş, xarici dövlət başçıları işğaldan azad olunmuş ərazilərdə inşa edilən hava limanlarına birbaşa enmişlər. Bu fakt bir daha göstərir ki, həmin torpaqlar yenidən qurulur və müasir standartlara cavab verən bir bölgə kimi dirçəlir.
Hazırda Şuşa Azərbaycanın mədəniyyət paytaxtına çevrilib, Xankəndi isə gələcəyin texnologiya və sənaye mərkəzinə doğru inkişaf edir. Bu dinamika davam edərsə, yaxın illərdə Qarabağ bölgəsi Bakı, Gəncə və Sumqayıt kimi böyük, müasir yaşayış məskənlərinə çevriləcəkdir.
Əlbəttə ki, orada həyatın bərpası asan iş deyil. Çünki ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Təəssüf ki, bu minalar bu gün də hərbçilərimizin və mülki şəxslərin həyatına təhlükə yaradır. Buna baxmayaraq, tədricən vətəndaşlarımız öz doğma yurdlarına köçür, yeni həyat qururlar. Bu dinamika ilə Qarabağ yaxın gələcəkdə təkcə tarixi Zəfərin deyil, həm də inkişafın, yeniliyin və milli birliyin rəmzi kimi daim xatırlanacaq və yaşayacaqdır”,- deyə o bildirib.
Nəsimi Ələsgərli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.