Bu məsələ Türkiyə və Çin arasında problemə çevrilib
Keçən ilin mart ayında Taylandda tutulan uyğur türklərinin problemi bitmək bilmir. “Bangkok Post” qəzetinin yazzdığına görə, problemin uzanması Taylandda Çin və Türkiyə arasında diplomatik çəkişmələrin yaşanmasına səbəb olur.
Qəzetin xəbərinə görə, 2014-ci ildə tutulan və bir ildir məhbus olan uyğur türklərinin bəzilərinin bu müddətdə övladları belə doğulub.
Qəzetdən alınan məlumata görə, ötən il 17 nəfərlik Tekliməkan adlı bir ailə Kamboca sərhədindən Taylanda daxil olub. Polis tərəfindən nəzarətə götürülərkən onlar türk olduqlarını deyiblər. Türkiyənin Bangkok səfirliyi onların adına pasport verib və Türkiyəyə dönmələri üçün lazımlı bütün icazələri alıb. Ancaq Çin hökuməti 17 nəfərlik bu ailənin çinli uyğurlar olduğunu və Sincan bölgəsinə geri göndərilmələri lazım olduğunda israr edib.
Son iki ildə Sincan bölgəsində yaşanan ağrı-acılı dönəmdə yüzlərlə insan həyatını itirib. Canını qurtarmaq üçün bəzi uyğurlar ölkədən qaçmağı üstün tuturlar.
Tayland Milli Təhlükəsizlik Şurasının baş katibi Anusit Kunakorn mediaya açıqlamasında Çinin və Türkiyənin nəzarətdəki insanları öz ölkələrinə götürmə istəklərini bildirdiklərini ifadə edib və deyib: “Biz bu insanların göndəriləcəyi yer mövzusunda tərəf tutub, bir ölkəni digərinə üstün tutmayacağıq. Əvvəlcə bu şəxslərin milliyətinin təsdiq edilməsi lazımdır. Bu mövzuda sona yaxınlaşırıq”.
(musavat.com)