“Telefona proqram təminatı yükləyərkən, tanınmış şirkətlərin məhsullarına üstünlük verilməlidir”.
Bu fikirləri casus proqramlarından qorunmağa yönəlik tövsiyələrini verən İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, günümüzdə casus tədbiqlərinə tez-tez rast gəlinir.
“Casus proqram təminatı istifadəçinin icazəsi olmadan ona məxsus cihazda istifadəçi hərəkətlərini qeydə alan, fərdi məlumatların ələ keçirilməsinə səbəb ola bilən zərərli proqram təminatı kimi başa düşülür.
İstifadəçiyə hər hansı bir proqram təminatı lazım olduqda, onu müəyyən saytlardan yükləyir. Bu zaman yüklənən proqram təminatı kifayət qədər araşdırılmır. Proqram təminatını yükləyərkən, onun hansı şirkətə aid olduğunu bilmək çox əhəmiyyətlidir. O baxımdan, özünü təsdiqləmiş şirkətlərin məhsulları daha etibarlı sayılır.
Eyni zamanda, “Google”, “Microsoft” kimi şirkətlərin dünya miqyasında tanınması həm də onların üzərinə ciddi məsuliyyət qoyur. Neqativ hallardan yayınmaq üçün cihazlarda proqram təminatının icazələri müntəzəm yoxlanılmalıdır. Xüsusilə, mikrofon, videokamera və media fayllarına olan icazələrə diqqət edilməlidir.
Digər bir məqam isə hər bir cihazın istismar müddətidir. Bu müddət bitdikdə, yaxşı olar ki, cihaz dəyişdirilsin. Proqram təminatı köhnəlirsə, həmçinin istehsalçısı zəmanət vermirsə və yenilənmələr göndərmirsə, o zaman istifadəçilər üçün riskli vəziyyət yaranır. Həmin proqram təminatında uzun illərdən sonra aşkarlanan boşluqlar bədniyyətli insanlar tərəfindən çirkin məqsədlər üçün istifadə edilə bilir”.
Nuray Məmmədzadə
www.yenicag.az