Bağçalının “qırmızı xətt” MESAJI: Ankara bu dəfə Vaşinqtona nəyi DİKTƏ EDƏCƏK?
“Dövlət Bağçalı Fələstinin onlar üçün “qırmızı xətt” olmasını ABŞ-yə mesaj olaraq göndərdi”.
Bu fikirləri Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHDP) İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Yenicag.az-a açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, Bağçalının bu fikri daha çox ABŞ-yə təzyiq xarakteri daşıyır.
Onun fikrincə, Türkiyə-Çin-Rusiya ittifaqının qurulması üçün uzun proses lazımdır:
“Türkiyə isə Fələstin, o cümlədən Qəzza ilə bağlı ABŞ hökuməti ilə koordinasiyalı fəaliyyət yürüdür. Türkiyənin xarici işlər naziri Hakan Fidan açıq şəkildə bildirdi ki, ABŞ-nin İsrailə təzyiq imkanları yoxdur. Eyni zamanda o, əlavə etdi ki, ABŞ-nin İsraili, yaxud İsrailin ABŞ-ni idarə etməsi bəlli deyil. Yəni İsrail ABŞ-dəki sionist lobbinin vasitəsilə Birləşmiş Ştatları öz maraqlarının, yəni Vaşinqtonun əleyhinə addım atmağa məcbur edə bilir. Yəni, dolayısı ilə, Bağçalı da bunu ifadə etməyə çalışır. Bağçalı ABŞ-yə bununla o mesajı verir ki, Fələstin məsələsi Türkiyə üçün “qırmızı xət”dir və lazım gələcəyi halda bunun üçün ABŞ-yə qarşı ittifaqda təmsil oluna və beləliklə də Tramp administrasiyası üçün arzuolunmaz mühit yaradıla bilər”.
Ə. Zülfüqaroğlu diqqətə çatdırıb ki, Türkiyənin xarici siyasəti çoxşaxəlidir:
“Türkiyə NATO ölkəsi olmasına baxmayaraq, müstəqil siyasət yürüdür. Yəni istər Rusiya, istərsə də Çinlə isti münasibətləri var. Bu da Ankaraya beynəlxalq siyasi arenada effektiv diplomatik manevr imkanları verir. Bu baxımdan, düşünürəm ki, Türkiyənin Fələstin məsələsi ilə bağlı təsir gücü getdikcə artacaq”.
Nurlan Cəfəri