İrəvan səfərinin PƏRDƏARXASI: Türkiyə-Ermənistan münasibətləri həqiqətən NORMALLAŞIR?
“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi səfir Sərdar Kılıçın İrəvana səfəri Türkiyə-Ermənistan münasibətləri baxımından yeni bir mərhələ kimi qiymətləndirilə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Dəniz Büstani deyib.
O, Sərdar Kılıçın İrəvana səfərindən sonra Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərin bərpasında göstərdiyi səyi, o cümlədən Bakı-Ankara xəttində sözügedən məsələnin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, illərdir qonşu olan iki ölkənin bir-biri ilə münasibətlərinin olmaması, əslində, Türkiyəni ciddi şəkildə təsirləndirməsə də, Ermənistana hər baxımdan mənfi təsir göstərib:
“Bu münasibətlərin olmamasının əsas səbəbi Ermənistanın diaspora lobbiləri tərəfindən idarə edilməsidir. Məhz həmin erməni diasporu uzun illər boyu türk millətinə müxtəlif böhtanlar atıb, Türkiyə və Azərbaycan kimi türk dövlətlərini hədəfə alıb. Hazırkı mərhələdə isə Yaxın Şərqdəki qeyri-sabitlik və Rusiya-Ukrayna müharibəsi bütün region ölkələrini təhlükəsizlik və iqtisadi baxımdan mənfi təsirlərə məruz qoyur. İqtisadiyyatı zəif olan Ermənistan üçün bu vəziyyətdən çıxış yolu məhz Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır”.
Müsahibimizin fikrincə, Ermənistanın illərlə türk milləti və dövlətlərinə qarşı irəli sürdüyü saxta iddialar artıq iflasa uğrayıb:
“Bu iflas, ilk növbədə, Qarabağda özünü göstərdi. Ermənistan bu gün Qarabağdakı iddialarından imtina edib və həmin ərazilərin Azərbaycanın torpağı olduğunu qəbul edib. Gələcək mərhələdə isə türk millətinə qarşı irəli sürdüyü “soyqırımı” böhtanından da əl çəkməyə məcbur olacaq”.
Analitikin fikrincə, əgər bu şərtlər formalaşarsa, Türkiyə və Azərbaycanın region ölkələri ilə yaxşı münasibətlər qurması, əməkdaşlıqlar yaratması yalnız həmin ölkələrin deyil, bütövlükdə regionun maraqlarına xidmət edəcək və sabitlik baxımından mühüm töhfə verəcək:
“Səfir Sərdar Kılıçın heç bir ön şərt irəli sürmədən Ermənistana səfər etməsi bu kontekstdə son dərəcə önəmlidir. Ümid edirik ki, bu səfərin müsbət nəticələri yaxın gələcəkdə özünü göstərəcək. Təbii ki, bu prosesin uğurlu nəticələnməsi üçün ilk növbədə Ermənistanın böhtan siyasətindən və diasporun təsiri altındakı idarəçilik tərzindən imtina etməsi vacib olacaq”.
Rafi Müslümov