“Çox qəribə hal baş verir, birincilərə toxunulmur, əvəzində isə bəzən mətləbə dəxli olmayan insanlar həbs edilir”.
Bu fikirləri bir sıra dövlət qurumlarında baş vermiş cinayət hallarına görə, o cümlədən, “KİVDF işi” ilə əlaqədar cinayət məsuliyyətinə birinci şəxslərin deyil, daha aşağı ranqlı işçilərin cəlb edilməsinə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, konkret bir qurumun rəhbər şəxsi orada baş vermiş qanunsuzluqlarla bağlı vaxtında tədbir görməyibsə, onun özü də məsuliyyət daşıyır:
“Əslində, bu, maraqlı yox, qəribə vəziyyətdir. Çünki istənilən işin başında məhz birinci şəxs dayanır və onun vəzifə səlahiyyətlərinə həm də o sahəyə birbaşa nəzarət etmək daxildir. Yəni o adam ətrafında, tabeliyində olan vəzifəli şəxslərin nə işlə məşğul olduqlarına nəzarət etməlidir.
Amma çox zaman biz görürük ki, doğrudan da, birinci şəxs qalır kənarda, digərlərini isə bu və ya başqa şəkildə məsuliyyətə cəlb edirlər. Elə KİVDF-də də belə hal müşahidə olunur, yaxud Mədəniyyət və Xarici İşlər nazirliklərində, Bakı Şəhər İcra Hakimiyyətində, çox sayda başqa qurumlarda müxtəlif həbslər həyata keçirilsə də, birincilər toxunulmaz qalıb.
Mən düşünürəm ki, burada bir anormallıq var. Ona görə ki, bir qurumun daxilində o hadisələr baş veribsə və oranın rəhbərliyi bununla bağlı şikayət edib tədbir görməyibsə, onun özü də məsuliyyətə cəlb olunmalıdır.
Tutaq ki, bir nazirlikdə, yaxud da KİVDF-də nələrsə baş verirsə, rəhbərlik hər kəsdən öncə bundan xəbər tutmalı və tədbir görməliydi. Əgər bunu etməyiblərsə, o halda məsuliyyəti bölüşməlidirlər. Məsələ bu qədər sadədir. Amma dediyimiz kimi, çox qəribə hal baş verir, birincilərə toxunulmur, əvəzində isə bəzən mətləbə dəxli olmayan insanlar həbs edilir”.
A.Zeynalov
www.yenicag.az