Dövlət qurumlarının işgüzar nüfuzu varmı?

media-hightechnic-468x90

10850731_10204524005812898_655637150_nƏləsgər Məmmədli: ““Dövlət işgüzar fəaliyyət deyil, dövlət fəaliyyətidir”

Əliməmməd Nuriyev: “Dövlət orqanının işgüzar nüfuzunun olması ilə bağlı məsələ mübahisəlidir”

Tez-tez dövlət qurumları və özəl şirkətlər işgüzar nüfuz məsələsini qaldırırlar. Görəsən, dövlət qurumunun işgüzar nüfuzu ola bilərmi? Elə hazırda Yenicag.az da Neft Şirkəti tərəfindən işgüzar nüfuza ziyan vurulması maddəsi ilə məhkəməyə verilib. Ümumiyyətlə, işgüzar nüfuz hansı şirkətlərə şamil olunur?

 

Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli Yenicag.az saytına açıqlamasında bildirdi ki, işgüzar nüfuz anlayışı əsasən işgüzar fəaliyyətlə məşğul olanlara aiddir: “Dövlət isə işgüzar fəaliyyət deyil, dövlət fəaliyyətidir. Burada müştəri yoxdur. İşgüzar anlayışda isə müştəri var. Kiminsə xidmət etdiyi bir sfera və oradan gəlir əldə etmə anlayışı var. Bu gəlirlə bağlı nüfuz zədələnirsə, etibar azala bilər. Bu baxımdan düşünürəm ki, dövlət qurumlarının işgüzar nüfuzu deyil, onların sadəcə imici ola bilir. Bu imicin zədələnməməsi üçün onun qorunması istənilə bilər. Kommersiya qurumu isə işgüzar nüfuz məsələsini qaldırırsa, o zaman kommersiya fəaliyyətinin həmin işgüzar nüfuzun zədələnməsi nəticəsində zərərə uğrama ehtimalı olmalıdır. Ya da müştərinin gözündə özünü aşağı salmalıdır. Bu halda dövlət kommersiya qurumları da işgüzar nüfuzla bağlı iddia qaldıra bilər”.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev dövlət orqanlarının tənqidə açıq olmalı olduğunu diqqətə çatdırdı: “Dövlət qurumlarının işgüzar nüfuzu ola bilməz. Bu özəl fəaliyyətlə məşğul olan insanlara aid məsələdir. Bütün məhkəmə qərarları da daha çox bu şəxslərə aid olur. Onlar müəyyən imicə malikdir, müəyyən nüfuz sahibidirlər. Hər hansı bir formada şirkət və ya onun rəhbərinin ünvanına söylənilən əsaslı olmayan, iftira xarakterli məlumatlar istər-istəməz şirkətlərin fəaliyyətində öz izini buraxır, onlarda mənfəətin aşağı düşməsinə gətirib çıxarır. Müştəri etimadı azalır. Belədə işgüzar nüfuzlarına xələl gəlir və onlar məhkəməyə müraciət etməli olurlar. Dövlət orqanının işgüzar nüfuzunun olması ilə bağlı məsələ isə mübahisəlidir. Çünki, dövlət orqanı vətəndaşa münasibətdə xidmət həyata keçirir. Onun hüquq və azadlıqlarının qorunması ilə bağlı fəaliyyət həyata keçirir. Dövlət orqanları tənqidə açıq olmalıdır. Avropa məhkəmələrində bir qayda olaraq belə presedenti xatırlamıram ki, dövlət orqanı hüquqi və fiziki şəxsi işgüzar nüfuzuna xələl gətirdiyinə görə məhkəməyə versin. Bunlar hər şeydən əvvəl həyata keçirilən fəaliyyətin təbiətilə bağlı bir məsələdir. Ona görə də onlarda işgüzar nüfuz deyilən yanaşma olmur”

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600