!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyəvi demoqrafik böhran və Azərbaycanda mövcud VƏZİYYƏT: Cəmiyyətin özəyi ailə və ona dayanan münasibətlərdir

!Reklam – Yazi

Azərbaycan dövlətinin başlıca məqsədlərindən biri gender bərabərliyinin hərtərəfli təmin olunmasıdır.

Demək olar ki, dünyanın bütün ölkələrində gender bərabərliyi uğrunda mübarizə aparılır. Gender bərabərliyi uğrunda hərəkat ötən əsrin ikinci yarısından etibarən bütün dünyanı əhatə etməyə başlayıb. Problemin miqyası və aktuallığı hətta dünyanın siyasi atmosferini müəyyənləşdirən Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT, Avropa Şurası kimi mühüm təşkilatları da bu istiqamətdə səyləri gücləndirməyə sövq edib. BMT 1952-ci ildə “Qadınların siyasi hüquqları haqqında”, 1962-ci ildə “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında”, 1979-cu ildə isə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyaları qəbul edib. Bu sənədlərdə siyasi və dövlət əhəmiyyətli qərarların qəbulu prosesində qadınların kişilərlə balanslaşdırılmış iştirakının təmini sahəsində hökumətlərin məsuliyyəti və rolu əksini tapıb.

Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir.

Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapıb. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir.

Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub. Bir sözlə, ölkəmizdə qadın hüquqları bu gün etibarlı şəkildə qorunur və yüksək səviyyədə müdafiə edilir.

Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır.

Azərbaycanda qadın hüquqları uğrunda mübarizənin uzun tarixə malik olduğunu bildirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daim öz çıxışlarında bu sahədə böyük nailiyyətlər əldə olunduğunu qeyd edib:

“XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Məhz 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququnu vermişdir. Bu, bir çox digər Qərb ölkələrindən fərqli olaraq, daha əvvəl baş verib. XX əsrin sonunda ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə ediblər. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və ədliyyə orqanlarında təmsil olunurlar”.

Gender bərabərliyinin təminatı fonunda hazırda dünyanın bütün dövlətlərinin həll etməyə çalışdığı əsas məsələlərdən biri ailə və demoqrafiya problemidir. Günümüzdə ailə faktorunun möhkəmlənməsi istiqamətində daim mərhələli şəkildə işlər görülsə də, bəzi mövcud problemlər qalmaqda davam edir. Bu problemlərdən biri erkən yaşda nikaha daxilolma ilə bağlıdır. Belə ki, statistik rəqəmlər erkən nikahların artdığını göstərir. Rəsmi rəqəmlərə əsaslanaraq demək olar ki, son 16 ildə Azərbaycanda 50 976 nəfər erkən nikaha daxil olub. Araşdırmalara görə, ölkədə hər 6 nəfərdən biri 18 yaşına çatmadan ailə qurur. Yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıqdır. Qızlarını erkən yaşda ərə verən valideynlər bunu bəzən maddi çətinliklərlə əlaqələndirirlər. Lakin, araşdırmalar göstərir ki, maddi çətinlik məsələsi sadəcə olaraq bəhanədir. Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını bəzən erkən yaşda ərə verirlər. Bu baxımdan erkən yaşda ailə quran qızlarımızın gələcək taleyi dövlətin və cəmiyyətin narahatlıq doğuracaq başlıca problemlərindən biridir.

Mövcud olan problemlərin həlli istiqamətində Azərbaycanda ardıcıl işlər görülür. Bu sahədə daimi fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi işini müasir tələblərə uyğun qurmağa çalışır. Bu gün ailə və mill-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində və eyni zamanda məişət zorakılığının, erkən nikahın, uşaq intiharlarının qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş işıqlandırılır. Mövcud problemləri aradan qaldırmaq istiqamətində ana və uşaq müdafiəsinin gücləndirilməsi, əhalinin demoqrafik biliklərinin artırılması, təhsil müəssisələrində demoqrafiyanın tədris olunması və bu sahədə aparılan elmi tədqiqat işlərinin genişləndirilməsi vacibdir. Çünki dünyanın bir çox ölkəsində əhali sayında azalmanın müşahidə olunmasına baxmayaraq, Azərbaycanda əhalinin sayında artım baş verir.

Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı da bildirib ki, “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”. Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir. Hazırda ölkəmizdə demoqrafik vəziyyətin qiymətləndirilməsi və təkmil proqnozlaşdırma metodologiyasının yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Fondu ilə birgə işlər aparılır.

Unutmayaq ki, əhalinin artması, eyni zamanda, qarşıya bir çox həlli vacib məsələlər qoyur. Məsələn, əhali artdıqca yeni iş yerlərinin yaradılmasını, ərzaq, mənzil məsələlərinin uğurlu həllini və s. tələb edir. Azərbaycan dövləti bu məsələləri həmişə diqqət mərkəzində saxlayır və həmin istiqamətdə öz məqsədyönlü tədbirlərini davam etdirir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələlərə də toxunub: “Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir”.

Bütün hallarda əhalinin artması Azərbaycan üçün əlverişli bir amildir. Çünki əlverişsiz demoqrafik vəziyyət milli təhlükəsizliyi sual altında qoya bilər. Nəinki əmək resurslarının qıtlığı yaranar, hətta ölkənin müdafiə qabiliyyəti azalar. Ölkənin əhalisi nə qədər surətlə artırsa, iqtisadi inkişaf tempi də bir o qədər sabit olur. Son illər Azərbaycanda bu müşahidə olunur. Düşünülmüş iqtisadi siyasət əhalinin artımı üçün əlverişli şərait yaradıb. Ümumiyyətlə, demoqrafik proseslər ölkənin sosial-iqtisadi vəziyyəti ilə birbaşa bağlıdır. Bu nöqteyi-nəzərdən, Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” hazırlanıb.

Dövlət Proqramı Azərbaycan tərəfindən ratifikasiya olunan beynəlxalq konvensiyaların, 1994-cü ildə Qahirədə qəbul edilən “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının və 2014-cü ildən sonrakı dövr üçün fəaliyyətləri müəyyən edən sənədlərin, Azərbaycan Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nın məqsəd və prinsiplərinə əsaslanır.

Dövlət Proqramı ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməsi zəruri olan tədbirləri özündə əks etdirir. Dövlət Proqramı ölkədə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində 2025-ci ilədək dövr üçün strategiyanı müəyyənləşdirməklə, Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək.

Nəzərə almaq lazımdır ki, gender bərabərliyi təmin olunmadan insan haqlarından, cəmiyyətdə heç bir inkişafdan söhbət gedə bilməz. Son onilliklər ərzində dünyada baş verən qlobal proseslər, o cümlədən demoqrafik tendensiyalar isə ailə strukturuna təsirsiz ötüşməyib. Bütün hallarda ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də həssas qrupdan olan ailələrin rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu gün ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması və onların firavanlığının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv