“Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin...” - Simonyan
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ermənistana səfər edə bilər.
Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Erməni spiker Qafarovanın beynəlxalq formatlar çərçivəsində Ermənistana səfərini istisna etməyib.
“Gəlsinlər, onların prezidenti də bura gəlsin, ölkəmizin rəhbəri də ora getsin, mən də gedəcəyəm. Amma bəzi məsələlər var ki, səfərdən əvvəl müzakirə olunmalıdır. Bu, yalnız təhlükəsizlik məsələsi deyil”, – o qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri oktyabrın 21-də Cenevrədə görüşüblər.