Əraqçının Moskva və Minskə GİZLİ SƏFƏRLƏRİ: “Nəticələr yaxın dövrdə görüləcək”
“Əraqçının Rusiya və Belarus səfərlərinin nəticələrini yaxın dövrdə görə biləcəyik.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq İranın xarici işlər naziri Əbbas Əraqçının son iki səfərinin Ukrayna və Rusiya arasında gedən müharibəyə mümkün təsirindən danışıb:
“İranın xarici işlər naziri Əbbas Əraqçı həm Rusiyaya, həm də Belarusa səfər edir. Bu səfər ciddi maraq doğurur. Ona görə ki, dövlətlər arasında hərbi, siyasi iş birliyi mövcuddur və eyni zamanda dövlətlərin beynəlxalq təşkilatlar müstəvisində də əməkdaşlığı genişlənir. O cümlədən, 12 günlük İran-İsrail müharibəsindən sonra İran tərəfinin Rusiyaya çox ciddi sualları vardı. Baxmayaraq ki, Rusiya-Ukrayna müharibəsi kontekstində İran həm də pilotsuz uçuş aparatlarını Rusiyaya satır və Ukraynanın bir sıra ərazilərini işğaldan azad etməsi Rusiya üçün ciddi hərbi çatışmazlıqlar və sıxıntılar formalaşdırıb.”
İ. Hüseynov qeyd edib ki, bu səfərlərin məqsədini müharibənin gələcək fazasında hiss edə bilərik:
“Hesab edirəm ki, bu görüş əsnasında məhz hərbi məsələlər prioritet təşkil edəcək. Nəzərə almaq lazımdır ki, həm də İranın xarici siyasət idarəsinin rəhbəri Belarus prezidenti ilə də görüş keçirmişdir. Bu da ümumi səfərin ən ayrılmaz və maraq doğuran hissəsi kimi nəzərə çarpır. Biz bu səfərin praktiki nəticələrini qarşıdakı dövrdə daha aydın görəcəyik. Bu görüşlər hesab edirəm ki, həm də hərbi-texniki əməkdaşlığı daha da gücləndirməyə yönəlmişdir. Eyni zamanda İranın Rusiya və Belarusdan da bunun qarşılığında bir sıra istəklərinin olması da proqnozlaşdırılır.”
Nurlan Cəfəri












