Ərdoğan Rusiya və Ukraynaya xəbərdarlıq etdi
Ankara həm Rusiyanı, həm də Ukraynanı Qara dənizdə gəmiçiliyi təhdid edə biləcək hərəkətlərə qarşı xəbərdar edir.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz bölgəsində pilotsuz təyyarənin vurulmasından sonra bildirib.
“Son qarşılıqlı hücumlar Qara dənizdə dəniz gəmiçiliyi üçün ciddi təhlükə yaradır. Ticarət və mülki gəmilərə qarşı hücumlar heç kimin xeyrinə deyil. Biz bu məsələ ilə bağlı hər iki tərəfə açıq xəbərdarlıqlar çatdırmışıq”, – deyə Ərdoğan bildirib.
Bundan əlavə, Ərdoğan qeyd edib ki, Qara dənizdə kommersiya və mülki gəmilərin atəşə tutulması qəbuledilməzdir.
Xatırladaq ki, 15 dekabr axşamı Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələrinin Qara dənizdən ölkənin hava məkanına yaxınlaşan pilotsuz təyyarəni vurduğunu açıqlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz təyyarə idarəetməni itirib. Türkiyə qüvvələri təhlükəsizlik səbəbi ilə onu məhv edib.












