Fələstində DAXİLİ ÇAXNAŞMA – Mahmud Abbas niyə HƏMAS-ı HƏDƏFƏ ALDI?
“Mahmud Abbasın belə sərt, şəxsi dildən istifadə etməsi görünməmiş və risklidir”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Əlimusa İbrahimov deyib.
O, Fələstin prezidenti Mahmud Abbasın HƏMAS rəhbərliyini təhqir etməsinin proseslərə təsirindən danışıb.
Analitik bildirib ki, bu, Fələstindaxili siyasi parçalanmanın kəskin şəkildə artaraq yüksək səviyyəyə çatmasını göstərir:
“Mahmud Abbas və Fələstin administrasiyasının HƏMAS ilə uzun müddətdir gərgin münasibətləri olsa da, belə açıq-aşkar aqressiv ton bu vaxta qədər müşahidə olunmamışdı. Bu, eyni zamanda, tərəflərin artıq dalana dirəndiyini ifadə edən əlamətlərdir. Qəzzada və İordan çayının qərb sahilinin bəzi bölgələrində bu cür ritorika HƏMAS-ı müqavimət döyüşçüləri kimi görən əhalinin ideologiyasını dəstəkləməsə belə, qəzəbləndirə və ya ondan uzaqlaşdıra bilər”.
Onun sözlərinə görə, alternativ olaraq, baş verənlər Qəzzadakı dağıntılardan məyus olan fələstinlilər arasında Mahmud Abbasın imicini gücləndirir və İsraillə münaqişənin artmasında HƏMAS-ı tətikləməyə zəmin yaradır:
“Qərb və regional güclər onun bəyanatını HƏMAS-ı güzəştlərə və ya danışıqlara təzyiq etmək üçün diplomatik səylərə uyğunlaşma siqnalı kimi qəbul edirlər. Bu, həmçinin Mahmud Abbasın Fələstin administrasiyasını müharibədən sonrakı Qəzzanı idarəetməsi üçün yeganə etibarlı tərəfdaş kimi təqdim etdiyi gələcək müzakirələrinə yol açacaq”.
Ə. İbrahimov əmindir ki, təhqirlərə və ağır ritorikaya baxmayaraq, hazırkı məqam birləşmiş Fələstin cəbhəsi üçün beynəlxalq çağırışları canlandıra bilər:
“Ərəb dövlətləri, xüsusən də Misir, Qətər və Səudiyyə Ərəbistanı, regional forumlar vasitəsilə barışıq danışıqlarına təkan vermək imkanı əldə edəcəklər. Mahmud Abbasın bəyanatı girovları azad etmək və danışıqlar yolu ilə atəşkəsə nail olmaq üçün HƏMAS-a artan beynəlxalq və regional təzyiqləri gücləndirir”.
Mütəxəssisin fikrincə, müharibə HƏMAS-ın Qəzzada zəifləməsi və ya devrilməsi ilə sona çatarsa, Fələstin administrasiyası özünü ABŞ, Avropa İttifaqı və ərəblərin dəstəyi ilə keçid hakimiyyəti kimi göstərə bilər:
“Bir sözlə, Mahmud Abbasın belə sərt və şəxsi dildən istifadə etməsi görünməmiş və risklidir. Bu, ona Fələstin administrasiyasını diplomatik şəkildə yenidən dirçəltməyə kömək edə bilər. Lakin fələstinlilərin böyük kollektiv problemlərlə üzləşdiyi bir vaxtda siyasi parçalanmanın dərinləşməsi riski də nəzərə alınmalıdır. Bəyanatı taktiki rezonans və ya daha dərin strateji nizamlanmanın əlaməti kimi də qiymətləndirmək mümkündür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli