FHN nazirin bacanağına məxsus olduğu deyilən şirkətə 136 min ödəyəcək
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi “CBS-PP” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Yenicag.az xəbər verir ki, şirkət qurumun mətbəə məhsullarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. İdarə ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 136 494,61 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “CBS-PP” MMC 21 iyun 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 338 579 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 12, mənzil 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Hikmət Abuzər oğludur.
Mediada gedən məlumatlara görə, “CBS-PP” MMC əslində fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Bu iddia Hikmət İsmayılovun şirkətə rəhbərlik etməsi ilə əsaslandırılır. Məsələ burasındandır ki, Hikmət İsmayılov Kəmaləddin Heydərovun yaxın qohumudur. Bəzi məlumatlara görə, onlar bacanaqdır.
Hikmət İsmayılov illərdir Kəmaləddin Heydərova məxsus olduğu iddia edilən “AFB Bank” ASC-nin əsas səhmdarıdır. O, eyni zamanda “Azsığorta” ASC-nin 100 faizlik səhm paketinin sahibidir.
Hikmət İsmayılovun biznesdəki bu uğurları Kəmaləddin Heydərov faktoru ilə izah edilir və bildirilir ki, onun nəzarətində olan biznes strukturları əslində fövqəladə hallar nazirinə məxsusdur. /qaynarinfo