!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hacı Surxayın Məhərrəm ayı ilə bağlı söylədiklərinə REAKSİYA: "Özünü psixoloqa göstərsin" - İlahiyyatçılardan AÇIQLAMA

!Reklam – Yazi

Məlumdur ki, avqustun 10-u Məhərrəm ayı başlayıb. Əksər insanlar hesab edirlər ki, bu ayda toy və şənlik mərasimlərinin keçirilməsi düzgün addım deyil və günah sayılır. Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay da “Yenisabah”a açqılamasında Məhərrəm ayında toy mərasimlərinin keçirilməsinin doğru olmadığını bildirib. O qeyd edib ki, Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında bildirib ki, Məhərrəmlik ayı ilə bağlı insanlarda qorxu yaradan şəxslərin psixoloqa ehtiyacı var:

“Bu cür düşünən insanlar ya özlərini psixoloqa göstərməlidir, ya da hansısa nevroloji problemlərinə görə həkimə müraciət etsələr, yaxşı olar. Heç kimə ixtiyar verilməyib ki, Allahın adından belə bir qərar versin. Qeyd olunan düşüncədə olan insanlar dünyanın sadəcə müsəlmanlardan ibarət olduğunu hesab edirlər?! Onlar düşünmürlər ki, dünyada milyardlarla insan İslam dininə mənsub deyil?! Onlar hətta Məhərrəmliyin nə olduğunu bilmirlər. Bu baxımdan həmin ayda toy da edilir, övladları da dünyaya gəlir.

Digər tərəfdən, bu gün Azərbaycanda əhalinin 60 faizi başqa məzhəbdəndir, 40 faizi isə digər məzhəbə məxsusdur. Bu insanlar Məhərrəm ayında toy da edirlər, xoşbəxt də olurlar və heç birinin övladının səhhətində problem olmur. Məntiqlə yanaşsaq, Azərbaycanda başqa aylarda toyu olanların hamısının xoşbəxt olması və uşaqlarında heç bir problemin olmaması ilə bağlı statistika varmı? Və ya İslamın ortaya çıxdığı Məkkədə Məhərrəmlik və Səfər ayında toy etmək qadağası varmı? Bu cür qadağalar heç ərəblərin özündə yoxdur. Sadəcə İraq, İran və Pakistanda yaşayan bəzi müsəlmanlar müəyyən qadağalar tətbiq ediblər”.

Məhərrəmlik ayı ilə bağlı irəli sürülən bir sıra qadağaların batil inanc olduğunu qeyd edən ilahiyyatçı-alim Yaşar Qurbanova görə isə bu ayda toy edənlərin xoşbəxt olmayacağı sadəcə xurafatdır:

“Məhərrəmlik ayı ilə bağlı səsləndirilən məlum açıqlamanın heç bir dini əsası yoxdur. Nə Qurani-Kərim, nə də Peyğəmbərin (s) kəlamlarında belə bir fikrə rast gəlinir. Yəni hər hansısa sübut yoxdur. Eyni zamanda, Məhərrəmlik ayında toy mərasimlərinin keçirilməsi ilə bağlı qadağa da yoxdur. Məhərrəmlik ayı ilə bağlı irəli sürülən bu cür fikirlərin niyə aktuallaşdırıldığını bilmirəm. Baxmayaraq ki, söylənən fikirlərin dinlə əlaqəsi yoxdur”.

İlahiyyatçı Elşən Sultanzadə saytımıza açıqlamasında vurğulayıb ki, Hacı Surxayın irəli sürdüyü fikir tamamilə cəfəngiyyatdır və ciddiyə alınmamalıdır:

“Ümumiyyətlə, Məhərrəmlik ayı dörd müqəddəs aydan biridir. Qədim ərəblərdə dörd ay müharibəsiz ay hesab olunub. Ərəb cəmiyyəti həmin dörd ayda daha çox sevinib, şənlənib. Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı səsləndirilən fikirlər Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd olunan Aşura günündən qalıb. Məhərrəmlik ayında yas saxlamaq yox, sevinmək lazımdır. Necə olar bilər ki, bu ayda Məkkədə toy edilir, lakin Azərbaycanda qadağan olunur.

Ümumiyyətlə, Məhərrəm ayında üç gün – Aşura və ondan sonra iki gün toy edilməsin. Bunun xaricində Səfər ayında da toy etmək olar. Meydana çıxan əsassız fikirlər insanları bir məzhəbdə qorxu altında saxlamaq üçündür. Bu qaydaların İslama aidiyyatı yoxdur. Azərbaycanda dini birlik olmadığı üçün insanlar Allah-Təalanın adından özlərindən qaydalar yaradırlar. Dinimizin əsas qaynağı Qurani-Kərimdir və o kitabda Məhərrəmlik ayı ilə bağlı əsassız fikirlər yoxdur. İnsanları qorxutmaq lazım deyil”.

Gülşən Şərif

www.yenicag.az

2206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv