Hansı məmurlar Kanadaya buraxılmayacaq?
Kanada hökuməti Ukraynada davam edən böhranla əlaqədar olaraq, Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə qərar qəbul edib.
Kanada baş naziri Stefen Harperin bəyanatında bildirilir ki, yeni tədbirlər iqtisadi sanksiyalar və daha altı rus və altı ukraynalının ölkəyə daxil olmasına qadağadan ibarət olacaq.
“Ukraynadakı vəziyyət ölkə daxilində sülh və təhlükəsizliyin ciddi pozulmasında özünü büruzə verir. Bu da dinc əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərir”, – deyə, bəyanatda bildirilir.
Kanada baş naziri həmçinin qeyd edib ki, sanksiyalar Ukraynadakı böhrana görə “siyasi məsuliyyət daşıyan” şəxslərə şamil olunur.
Yeni siyahıda digərləri ilə yanaşı Rusiya Baş Qərargah rəisi Valery Gerasimov, Ukraynanın şərqindəki separatçı liderlərdən biri Iqor Strelkov, həmçinin Dövlət Dumasının sədrinin müavinləri Sergey Neverov və Lyudmila Shvetsovanın (hər ikisi “Vahid Rusiya” partiyasından) da adları var.
Sanksiya tətbiq edilən Ukrayna vətəndaşları siyahısında Luqansk regionunun özünü “xalq qubernatoru” elan etmiş German Prokopiv, özünü müstəqil elan “Donetsk xalq respublikasının” liderləri Andrey Purgin və Dennis Pushulin, həmçinin “Donbasın xalq mübarizəsinin” liderlərindən biri Sergey Tsyplakovdur.
Mayın əvvəlində Kanada əksəriyyəti Vladimir Putinə yaxın biznesmen Gennadiy Timçenkonun adı ilə bağlı 16 şirkətə qarşı sanksiyalar tətbiq etmək haqqında qərar verdiyini elan edib. Timçenko daha əvvəl ABŞ və Kanadanın şəxsi sanksiya siyahılarına daxil edilib(teleqraf.com).