“O zaman müxtəlif xalqları təhqir etmiş o adama qarşı on minlərlə məhkəmə iddiası qaldırılmalıdır”.
Bu fikirləri Azərbaycanın keçmiş diplomatı İsfəndiyar Vahabzadə ilə rusiyalı siyasətçi Vladimir Jirinovski arasında yaşanan məlum qalmaqala münasibət bildirən Gürcüstan parlamentinin keçmiş deputatı Azər Süleymanov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan, gürcü, ukrayna və başqa xalqları hər addımda təhqir edən Jirinovskinin cavabı elə onun öz tərzində verilməli idi:
“Hər kəsə məlumdur ki, Jirinovski birmənlı olaraq, Kremlin təlxəyidir. Lakin biz onu hər nə qədər ciddiyə almasaq da, adam Dumanın deputatıdır, rəsmi status daşıyır.
Təbii ki, Jirinovski həm də əlaltısına çevrildiyi erməni diasporunun mövqeyindən çıxış edir və onlara xoş gəlmək üçün Azərbaycan əleyhinə fikirlər səsləndirir. Bu adamın əsas məqsədi Cənubi Qafqazda qarışıqlıq yaratmaq, oradakı xalqlar arasında nifaq salmaqdır.
Jirinovski indiyə kimi tək Azərbaycan xalqını deyil, gürcü, ukrayna və başqa xalqları da təhqir edib. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi vaxtı deyirdi ki, rus tankları Tiflisə girməli, Gürcüstan Rusiyanın quberniyasına çevrilməlidir.
Ona görə də, Jirinovskiyə qarşı çox kəskin hiddət var. Bu adam azərbaycanlıları təhqir edirsə, əlbəttə ki, dünyada yaşayan təqribən altmış milyon azərbaycanlı ona cavab verməlidir. Bəli, onun azərbaycanlılara və digər xalqlara qarşı dedikləri donuz hərəkətidir. Hə, mən də bir azərbaycanlı kimi deyirəm ki, Jirinovski donuzdur.
İndi utanmaz-utanmaz deyir ki, onu donuz adlandıranları məhkəməyə verəcək. O zaman müxtəlif xalqları təhqir etmiş o adama qarşı on minlərlə məhkəmə iddiası qaldırılmalıdır”.
A.Zeynalov
www.yenicag.az