Xəbər verdiyimiz kimi, Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən “Atlant” İstirahət və Əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulmasına görə mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov və xidmətin personalı saxlanılıb.
Yenicag.az xəbər verir ki, Qaynarinfo.az Tahir Qədəşovla bağlı araşdırma edib.
Məlum olub ki, mərkəzin rəhbəri 2000-ci ildən turizm sahəsində fəaliyyət göstərir. Azərbaycanda turizm sektorunda tanınan ən məşhur sahibkarlardan sayılır.
Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevlə yaxın dostluq münasibətləri olub. İddia edilir ki, sözügedən əyləncə mərkəzinin tikilib ərsəyə gəlməsində keçmiş nazirin də mühüm rolu olub. Hətta bəzi məqamlarda biznes ortağı olduğu da deyilir. Həmçinin obyektin əsl sahibinin sabiq deputat Nizami İsgəndərov olduğu bildirilir.
Əyləncə mərkəzi o vaxtkı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. Tahir Qədəşov özü isə “Tərəqqi” medalı ilə təltif olunub.
Sahibkar özü və rəhbəri olduğu “Atlant” İstirahət və Əyləncə mərkəzinin adı mətbuatda bir sıra qalmaqallı hadisələrlə də yadda qalıb. Ən dəhşətlisi 2017-ci ilin iyul ayında 10 yaşlı Qədirov Xəyal Nihad oğlu istirahət mərkəzinin hovuzunda təhlükəsizlik tədbirlərinin olmaması səbəbindən boğulması olub.
Tahir Qədəşov həmçinin 2011-ci ildə mətbuatda yay aylarında dövlət imtahanlarının ləğv edilməsi təklifi ilə də yadda qalıb. “Atlant”ın rəhbəri hesab edib ki, hər il iyun-iyul aylarında keçirilən qəbul imtahanlarının turizm mövsümünün qızğın çağına təsadüf etməsi nəticəsində abituriyenti olan ailələr istirahətə gedə bilmir. Nəticədə, istirahət mərkəzlərinə gələn turistlərin sayı azalır.
Tahir Qədəşovun fikrincə, qəbul imtahanlarının vaxtının dəyişməsi daxili turizm sektorunda müştərilərin sayının 2 dəfə artmasına səbəb ola bilər.
www.yenicag.az