İki rayon qazsız qaldı
Qax və Ağdaşın kəndlərində qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax xidmət sahəsində Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə Qaxbaş kəndində 204 abonentin qaz təchizatı dayandırılıb.
Eyni zamanda, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Dəhnəxəlil QPS-dən qidalanan Qoşaqovaq və Ərəbocağı kəndlərini təbii qazla təmin edən PE-160 mm-lik orta təzyiqli əhali qaz xəttinin kipliyə davamlığının yoxlanılması məqsədi ilə bu gün 447 abonentin qaz təchizatı dayandırılıb.
Məlumata görə, qeyd olunan kəndlərdə işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq. Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.