!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İKT sektorunun sürətli inkişafı: Azərbaycan rəqəmsal dünyaya necə uyğunlaşır?

!Reklam – Yazi

Son onillikdə dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur. Bu fonda artıq ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyularaq müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilməkdədir.

Ölkəmizdə informasiya cəmiyyətinin qurulması sürətlə davam edir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun prioritet sahə elan edilməsindən sonra bu sahənin inkişafının yeni mərhələsi başlanıb. Belə ki, İKT sektorunun sürətli inkişafı Azərbaycanda informasiya cəmiyyətinin qurulmasına, ölkəmizin qloballaşan dünyanın lider dövlətləri ilə eyni səviyyədə dayanmasına şərait yaradıb.

Qeyd edək ki, informasiya cəmiyyəti 5 əsas mərhələnin – kommunikasiyalaşdırma, kompüterləşdirmə, şəbəkələşdirmə, informasiyalaşdırma, nəhayət, yaranmış virtual məkanda yeni siyasi-iqtisadi, hüquqi və digər növ münasibətlərin formalaşması nəticəsində meydana gəlir.

Ölkədə informasiya texnologiyalarının geniş tətbiq olunması məqsədilə həyata keçirilən layihələr, bütün regionlarda kommunikasiyalaşdırma və kompüterləşdirmə proqramları, ümumi inkişafda İKT sektorunun xüsusi çəkisinin artması, ölkənin İKT sahəsinə dünyanın aparıcı şirkətlərinin (Cisko, Microsoft, Intel və s.) investisiya qoymaq təşəbbüsləri və Azərbaycanda informasiya cəmiyyəti qurulması proseslərinin müvəffəqiyyətlə davam etdirilməsinə möhkəm zəmin yaradır. 2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və informasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir. 2013-cü ilin “İKT ili” elan edilməsi ölkəmizdə bu sahəyə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları, eyni zamanda gələcəkdə qarşıda duran mühüm vəzifələrə hesablanmış bir addımdır.

Mövzu ilə bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, informasiya təhlükəsizliyi günümüzün ən aktual mövzularından biridir və Azərbaycan bu məsələdə beynəlxalq standartlara cavab verən sistem qurmaqdadır:

“Məlumdur ki, həm ölkəmizdə, həm də bütün dünyada kiber hücumların sayı gündən-günə artır. Bununla əlaqədar Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq qayda və qanunlar hazırlanır, yenilənir. Çünki beynəlxalq standartlara uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və bank sektorunda rəqəmsal xidmətlərin genişləndirilməsi, məlumat mübadiləsində informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya resurslarının kiber təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi və bu sahədə müntəzəm olaraq maarifləndirmə işlərinin aparılması vacibdir. Bu gün ölkəmizdə rəqəmsallaşma sürətlə gedir. Ölkə əhalisinin çox hissəsi internetdən istifadə edir. Bütün bunlar ölkəmizin kiber mühitin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə öz növbəsində vurğulayıb ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindən biridir:

“Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üçün dövlət proqramları qəbul edilib və bütövlükdə bu illər ərzində sözügedən sahənin ən perspektivli hala gəlməsi üçün bir sıra addımlar atılıb. Bu gün dövlət tərəfindən informasiya və kommunikasiya texnologiyaları sahəsinə göstərilən diqqət nəticəsində ölkəmizdə internetə çıxış imkanları kifayət qədər genişlənib. Bu gün Azərbaycan əhalisinin əksəriyyəti sərbəst şəkildə internetə çıxışa malikdir. Eyni zamanda ölkəmiz bu sahədə qlobal təhdidlərin fərqindədir və kiber təhlükəsizliyin əldə edilməsi ilə bağlı bir çox qurumlar yaradılıb. Həmçinin bu sahə üzrə koordinasiyalı bir fəaliyyət həyata keçirilir. Qeyd edim ki, bu sahə üzrə məşğul olan qurumlar tərəfindən struktur islahatlarının aparılması və təkmilləşdirmə işlərinin aparılmasında ölkə başçısının iradəsi var. Gələcək informasiya və kommunikasiya texnologiyalar əsridir. Ona görə də hər bir ölkə bu sahəyə böyük diqqət göstərməlidir. Çünki hibrid təhdidlər müharibələr qədər dövlətlər üçün ciddi təhlükəyə çevrilib. Bu baxımdan, Azərbaycan dövlətinin İKT sahəsini daima nəzarətdə saxlaması, bu sahəyə xüsusi diqqət göstərməsi, İKT ilə bağlı çox önəmli beynəlxalq forumların Bakıda keçirilməsi, o cümlədən ölkəmizin bu sahə ilə bağlı özünəməxsus təklif və ideyalarının olması təqdirəlayiq haldır. Azərbaycan gələcəyə elmi nailiyyətlər və inkişafın izi ilə daxil olur. Bu gün “Azərkosmos” tərəfindən çox ciddi işlər görülür. Fikrimcə, gələcək üçün “Azərkosmos”un böyük potensialı mövcuddur”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

media_loqo_esas

www.yenicag.az

793
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv