!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran üçün KRİTİK DURUM – Tehran niyə masadan QOVULUR?

!Reklam – Yazi

“Ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya məsələsi müzakirə edildi.

Toplantıda Avropa İttifaqı, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Türkiyə nümayəndələri iştirak edirdi. İran isə bu müzakirələrdə yer almadı. Bu, İranın regional məsələlərdə təsir imkanlarının azalması kimi qiymətləndirilir. Gələcəkdə Livan və Yəmən məsələlərində də Tehranın oxşar vəziyyətdə qalacağı proqnozlaşdırılır. Beləliklə, İran hakimiyyəti Yaxın Şərqdə daha çox təcrid olunmağa doğru gedir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri. İranşünas Sədrəddin Soltan deyib.

Analitik 2025-ci ildə Tehran hakimiyyətinin regional proseslərdən təcrid olmasının daha da genişlənəcəyi ilə bağlı səslənən iddialara münasibət bildirib.

S. Soltan əlavə edib ki, ABŞ-İran münasibətlərinə gəlincə, Tehran hakimiyyətinin bu münasibətləri normallaşdırmaqdan başqa alternativi görünmür:

“Son hadisələr göstərir ki, həm Rusiya, həm də Çin Yaxın Şərq məsələlərində Qərblə müəyyən razılığa gəlib. Əks halda, Suriyadakı rejimin rəhbəri Bəşər Əsəd Moskva və Tehranla daha sıx əməkdaşlıq yolunu tutardı. Lakin Suriya məsələsində razılaşma əldə olunubsa, gələcəkdə digər mövzular üzrə, məsələn, Livan və Yəmənlə bağlı razılaşmaların da əldə olunacağı ehtimal edilir. Eyni zamanda, Rusiya ilə strateji razılaşma müqaviləsinin imzalanması, Çinlə iqtisadi əlaqələrin genişləndirilməsi və ya 200 milyard dollarlıq ticarət planlarının həyata keçirilməsi kimi addımlar Tehranın regional təsir gücünü artırmağa kifayət etmir. Tehran daxili vəziyyətini stabilləşdirmək və uzunmüddətli perspektivdə mövqeyini gücləndirmək üçün Qərblə, xüsusən də ABŞ və Böyük Britaniya ilə münasibətləri normallaşdırmalıdır”.

Həmsöhbətimiz əlavə edib ki, bu yaxınlarda İranın nüvə proqramı ilə bağlı Avropa ölkələrinin – Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə görüş planlaşdırılır:

“Görüş zamanı nüvə məsələsi ilə yanaşı, regional məsələlər və İranın vəziyyəti də müzakirə olunacaq. Tehran üçün Qərblə münasibətləri normallaşdırmaq qaçılmaz bir addım kimi görünür. Xüsusilə Böyük Britaniya ilə münasibətlərin yaxşılaşdırılması İran hakimiyyətindəki bəzi qüvvələrin uzunmüddətli arzusu hesab olunur. Bununla belə, bu istiqamətdə sürətli irəliləyiş gözlənilmir. Digər tərəfdən, HƏMAS və İsrail arasında davam edən gərginlik, xüsusilə İsrail ordusunun Qəzza zolağından çıxma tarixi ilə bağlı qeyri-müəyyənlik, diqqət mərkəzindədir. Livanda isə “Hizbullah”ın tərksilah edilməsi məsələsi gündəmdədir. Yeni prezident Cozef Aun da bəyan edib ki, ölkədə yeganə silahlı qüvvə Livan ordusu olmalıdır”.

“İranın Fələstindən, xüsusilə Qəzza zolağından və Livandan çıxarılması onun regional təsir imkanlarının daha da məhdudlaşdırılması deməkdir. Bunun fonunda İran hakimiyyəti regionda getdikcə təklənir. Tehranın Türkiyə və Azərbaycana qarşı apardığı bəzi kampaniyalar isə regional vəziyyəti düzəltmək baxımından heç bir müsbət nəticə vermir. Tehran hakimiyyəti üçün yeganə çıxış yolu ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv