Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” və ölkəmizin İslam dünyasının həmrəyliyi naminə gördüyü mühüm işlər İslam ölkələri mediasının diqqətindədir.
Yenicag.az xəbər verir ki, bu dəfə Pakistan Yazarlar Şurasının rəsmi portalı və Asiya Jurnalistlər Assosasiyasının “The Asian News Network” portalı Azərbaycanda “İslam Həmrəyliyi İli” ilə bağlı yazı dərc edib.
Dərc edilən məqalələrdə qeyd olunur ki, bu gün İslam dünyası ciddi problemlər və münaqişələrlə çalxalanır, bir sıra müsəlman ölkələrində müharibələr davam edir və günahsız insanlar qətlə yetirilir. Jurnal bu xüsusda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın problemlərini nümunə kimi göstərir.
Dərc olunan yazılarda “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. Fərid Şahbazlı açıqlamasında qeyd edib ki, bugün İslam ölkələrində yaşanan hadisələr, İslam dinini dünyaya terror dini kimi təqdim etmək cəhdləri müsəlman dövlətləri arasında islam həmrəyliyinin gücləndirilməsini zəruri edir. O qeyd edib ki, Azərbaycan müsəlman dövləti olaraq, İslam həmrəyliyinin gücləndirilməsi, onun sülhpərvər mahiyyətinin dünyaya təqdim edilməsi üçün mühüm addımlar atır: “Bu məqsədlə 2017-ci il ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilmiş, Bakı 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir. “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda təşkil edilən böyük tədbirlərdə iştirak edən, eyni zamanda Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına qatılan müsəlman ölkələri bütün dünyaya sülh və sabitlik mesajı vermişdir”.
F.Şahbazlının sözlərinə görə, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığı bərqərar olmuş, dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görülmüşdür. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır: “Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və dəstəyi ilə Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi sübut edir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət modeli yaratmaq və bunu bütün dünyaya təqdim etmək mümkündür”.
F.Şahbazlı daha sonra bildirib ki, Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. O vurğulayıb ki, müstəqil Azərbaycan daima İslam dünyası isə əlaqələrə xüsusi diqqət ayırmışdır: “Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Ölkəmiz bundan sonra da İslam dünyasının ümümbəşəri və sülhpərvər dəyərlərinin təbliği işində müsəlman ölkələri ilə yaxından əməkdaşlıq edəcəkdir”.
Qeyd edək ki, bundan öncə Pakistanın nüfuzlu ingilisdilli “Daily Times” qəzeti, “Global Affairs” jurnalı, “Times” Beynəlxalq informasiya agentliyi, MN internet televiziyasının saytı, Əfqanıstanın çoxtirajlı ingilis dilində dərc edilən “Afganishtan Times” qəzeti, Şimali Kipr Türk Respublikasının “Kıbrıs Həqiqət” qəzeti “İslam Həmrəyliyi İli” ilə bağlı yazılar dərc edərək, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayırmışdır.