Mayda dərslər bitsəydi, büdcəyə milyonlarla qənaət olardı - Təhsil ekspertindən açıqlama

media-hightechnic-468x90

Azərbaycanda dərslərin bitməsinə bir neçə gün qalıb. Lakin may ayının sonlarından etibarən, əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər. Səbəb kimi iyundakı istiləri, dərs proqramının bitdiyini irəli sürürlər. Bu fonda məktəblərdə tədris ilinin başlama və bitmə müddətinin dəyişdirilməsi təklif edilir.

Demokrat.az-a açıqlamasında təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib ki, tədris ilinin sonuna yaxınlaşdıqca, həm təhsil alanlar, həm də təhsil verənlər arasında yorğunluq hissi artır:

“Xüsusilə müəllimlər, uzun və intensiv bir dərs dövründən sonra artıq ya təkrarlara başlayır, ya da proqramı yekunlaşdırmaqla məşğul olurlar. Bu mərhələdə bir çox müəllimlər tədris prosesini bitirmiş hesab edir və motivasiyada azalma müşahidə olunur. Eyni zamanda, şagirdlər də ilin bu dövründə zehni və fiziki baxımdan yorğun olurlar. Bu səbəbdən həm müəllimlərin, həm də şagirdlərin bu halını nəzərə alaraq, tədris prosesində balanslı yanaşma tətbiq edilməlidir. Məsələn, son həftələrdə tədris yükü azaldıla, təkrar və möhkəmləndirməyə yönəlik yüngül və motivasiyaedici fəaliyyətlər təşkil oluna bilər”.

E. Əfəndi diqqətə çatdırıb ki, bu yanaşma həm təhsil keyfiyyətini qoruyar, həm də şagirdlərin psixoloji rifahını təmin edər:

“Bu halın davam etməsi dövlət büdcəsinə də maliyyə itkisi yaradır. Çünki hər bir şagirdin təhsilinə ildə ortalama 5.000 manatdan 25.000 manata qədər vəsait xərclənir. Əgər bir şagird 1 ay dərsə getməzsə, bu, dövlət büdcəsinə yüz minlərlə manat ziyan deməkdir. Ölkə üzrə 1.600.000 şagirddən yalnız 600.000 nəfəri belə davamiyyətsizliyi göstərsə, bu, milyonlarla manat zərər deməkdir. Tədris ilinin bitmə tarixi 31 may olsa, daha yaxşı olar. Bu, həm davamiyyəti artırar, həm tədris prosesinə ciddi yanaşmanı təşviq edər, həm də dövlət vəsaitlərinin daha səmərəli istifadəsini təmin edər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600