Müharibənin taleyi bu görüşdən asılıdır: Zelenski Tramp vasitəsilə Putinə "tələ" qurur?
“Zelenski sülh planının yenilənmiş versiyasına Trampı razı saldı”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq yaxın vaxtlarda gerçəkləşəcək Tramp-Zelenski görüşündə müzakirə ediləcək məsələlər haqqında öz fikirlərini bölüşüb:
“ABŞ və Ukrayna arasında müzakirə olunan 20 bəndlik sülh planı mövcuddur. Təbii ki, burada Ukraynanın da mövqeyi nəzərə alınıb. ABŞ, eləcə də Aİ bu planla razılaşıb. Bu plan əvvəlki 28 bəndlik sülh mətnindən fərqlənir. Çünki həmin mətn Donbasın tamamilə Rusiyaya güzəşt edilməsini nəzərdə tuturdu; eyni zamanda Ukraynanın suverenliyini təhdid edən bir sıra bəndlər var idi. Hazırkı plan ideal olmasa da, müharibənin dayandırılması üçün vacib bir sənəddir. Görünür, Zelenski bu planın Rusiya tərəfindən qəbul edilməsi üçün növbəti mərhələdə Trampla danışıqlar aparacaq. Hazırda Rusiya bu planın müəyyən bəndləri ilə, xüsusilə Zaporojye və Donbas məsələsi ilə bağlı razı deyil. Həmçinin bir neçə digər ərazidən ordunun çıxarılmasına etiraz edir.”
M. Əsədullazadə qeyd edib ki, müharibənin yekunlaşması Putini bu plana razı salmaqdan asılıdır:
“İndi əsas məsələ Rusiyanın bu plana razı olmasıdır. Zelenskinin əsas məqsədi Trampı Putinə təzyiq göstərməyə və bu planın Rusiya tərəfindən qəbul edilməsinə inandırmaqdır. Zelenski özü bu plandan razıdır, eyni zamanda ABŞ və Aİ də planın əleyhinə deyil. Tramp Putinə təzyiq etməlidir ki, o, bu sənədi qəbul etsin. Düşünürəm ki, növbəti Tramp-Zelenski görüşündə danışıqlar məhz bu mövzu ətrafında gedəcək.”
Nurlan Cəfəri












