Novxanıda fəaliyyət göstərən ictimai iaşə obyektində ciddi pozuntular aşkar edilib.
Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Novxanı kəndi, ev.709Z M.0 ünvanında yerləşən “Spring Hall” MMC-yə məxsus otelin həyətyanı sahəsində fəaliyyət göstərən mətbəxdə plandankənar yoxlama həyata keçirib. Yoxlama sözügedən mətbəxdə hazırlanan toyuqlu pizzanı qəbul etdikdən sonra 2-si böyük, 4-ü uşaq olmaqla, 6 nəfərin qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilməsi ilə bağlı Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AQTA-nın “1003-Çağrı Mərkəzi”nə daxil olan təcili bildiriş əsasında aparılıb.
Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, dondurucuda yararlılıq müddəti bitmiş, eyni zamanda temperatur rejiminə əməl olunmadan saxlanılan qida məhsulları aşkarlanıb. Həmçinin qida obyektində təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, soyuducu və dondurucularda mal qonşuluğu prinsiplərinin pozulduğu müəyyən edilib. Bununla yanaşı, işçilərin gigiyenik təlimlərə cəlb edilməsinə dair sənədlər və onların ilkin və dövri tibbi müayinələrdən keçməsi ilə bağlı tibbi arayışlar yoxlamaya təqdim olunmayıb.
Müayinələrin aparılması üçün bir sıra məhsul nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, qaynadılmış-didilmiş toyuq filesi məhsulu texniki normativ sənədlərin tələblərinə uyğun olmayıb. Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
www.yenicag.az