Qafqazda KARTLAR PAYLANILIR: Ermənistanın “setka” hörmə siyasəti və yaxud Kremlin təhdidkar PLANI – Səxavət Məmməd yazır

media-hightechnic-468x90

Ermənistanın son zamanlar atdığı addımlar, xüsusilə silahlanma sahəsində gördüyü işlər kifayət qədər təhlükəli və diqqət edilməsi məsələdir. Ermənistan müharibədən sonra Hindistanla müdafiə sahəsində daha çox əməkdaşlıq edir.

Ermənistan daha çox haubitsalara, hava hücumundan müdafiə sistemlərinə, anti-dron sistemlərinə maraq göstərir. Ermənistanın qarşısına qoyduğu əsas məqsəd hava məkanını tamamilə bağlamaqdır. Əslində, bu, Ermənistan üçün o qədər də çətin olmayacaq, çünki ərazi kiçikdir. Ona görə də Ermənistan bahalı və uzaqmənzilli raketlər yerinə, “setka”nı hörmək üçün müxtəlif vasitələrdən istifadə edəcək və edir də… Müşahidələr onu göstərir ki, Ermənistan nəinki bir qatlı, iki və üçqatlı müdafiəni də təşkil etmək niyyətindədir. Bunun detalları, hansı silahlardan istifadə ilə buna nail olmaq istəməkləri növbəti yazılarda…

Digər tərəfdən, Ermənistan Fransa ilə müdafiə sənayesi sahəsində ciddi əməkdaşlıq edir. Ermənistan rəsmi olaraq Rusiya silahlarına görə 44 günlük müharibədə uduzduqlarını iddia edir. Məsələ burasındadır ki, Hindistandan aldığı və almaq istədiyi silahların böyük hissəsi elə Hindistanın Rusiyadan lisenziyalarını aldığı silahlardır. Hindistan baş sındırıb özü yeni silahlar icad edən ölkələrdən deyil, əksinə, hindlilər rus, fransız, amerikalıların, yəhudilərin istehsal etdiyi silahların lisenziyalarını alıb üzərində bəzi dəyişikliklər edərək bu bazara daxil olub. Ermənistanın sırf Hindistan bazarına üz tutması da başadüşüləndir. Həm qiymət, həm də çatdırılma baxımından Hindistan Ermənistan üçün ən uyğun ölkədir. Əlavə olaraq onu da qeyd edim ki, Ermənistanın Hindistan bazarına üz tutmasında Rusiyanın da rolu var.

Düzdür, əvvəl də əvvəl də bu fikrə çox rast gəlirdik, son Pakistan-Hindistan toqquşmasından sonra daha çox deyilməyə başlanılıb ki, hindlilərin silahları yararsızdır. Pakistan Hindistanın Fransa istehsalı olan iki “Rafale” qırıcısını vurub. Bu, o deməkdir ki, o qırıcılar zəifdir? Pakistan Hindistanın Rusiya istehsalı olan S-400-nü də məhv etdi. Bu, o deməkdir ki, S-400 zəif hava hücumundan müdafiə sistemidir? Qətiyyən! Bu, silahın zəifliyi, güclülüyü yox, onu istifadə edənin peşəkarlığından xəbər verən amillərdir. Dünyada bir neçə ölkə minaatan istehsal edir. Ancaq onu istehsal edən ölkələrin özləri belə minaatanları ermənilər qədər mükəmməl istifadə edə bilmir. Ona görə də Hindistan silahı zəifdir, heç nəyə yaramır demək boş və mənasız mübahisə mövzusudur.

Yeri gəlmişkən, Ermənistanın Rusiya ilə də silah anlaşmaları davam edir. Düzdür, Rusiya-Ukrayna müharibəsinə görə ruslar hətta bağladıqları müqavilələri yerinə yetirmirlər, ancaq Rusiyanın Ermənistanla silah anlaşmaları var və yeni anlaşmaların olacağı da gözləniləndir.

Son zamanlar Ermənistanla Rusiya arasında siyasi yaxınlaşmanın da olacağı gözləniləndir. Rusiya, ümumiyyətlə, Paşinyan hakimiyyətinin şıltaqlıqlarını ciddiyə almadı. Yəni Paşinyan hətta Avropaya üz tutmaq üçün addımlar atsa da, onun devrilməsi üçün heç bir addım atmadı. Ermənistan da fərqindədir ki, Rusiyanın Ukrayna müharibəsində əli gücləncə, Cənubi Qafqaza təsirini artıracaq və müəyyən mənada artırıb da… Ona görə də Ermənistan tərəfini bir gün yenidən Rusiyanın forpostluğunda görsək, təəccüb etməməliyik.

Münaqişələrlə maraqlarını təmin etmək Rusiyaya xas xüsusiyyətdir. Diqqət ediriksə, son zamanlar Ermənistanda revanşistlərin aktivləşdiyinin şahidi oluruq. Bundan əlavə, Qarabağdan köçən ermənilərin də aktivliyi xeyli dərəcədə artıb. Bu dalğanın da Rusiya üzərindən gəldiyini sezmək o qədər də çətin deyil. Rusiyanın daha bir maraqlı oyunu isə Ermənistanda lider axtarışıdır. Düşünürəm ki, ruslar da Sarkisyan, Koçaryanla istədiklərini həyata keçirə bilməyəcəklərinin fərqindədirlər. Ona görə də Ermənistanda yeni lider hazırlığına start veriblər.

Rusiya-Ukrayna müharibəsi qısa zamanda yekunlaşarsa, rusların, xüsusilə Cənubi Qafqazda təhdidkar davranışlarının şahidi ola bilərik. Hətta Azərbaycan üçün də təhdid var. Bəzən deyirlər ki, Türkiyə Azərbaycanı Rusiya təhdidindən xilas edə bilər. Bu, qətiyyən inandırıcı deyil. Türkiyənin son apardığı siyasət onu göstərir ki, Ankara üçün bu region və Mərkəzi Asiya ölkələri dəftəri bağlanıb, rəsmi Ankara üzünü ona daha doğma olan Yaxın Şərqə tutub. Ona görə də Türkiyədə ümmətçiliyin yenidən ön plana çıxdığının şahidi oluruq, kürd və ərəblərə verilən mesajlar da ortadadır.

Bəzən bu sözümü qəribçiliyə salırdılar, ancaq reallıq odur ki, özün güc olmalısan, güclü olmalısan. Hazırkı münasibətlər sistemində zəiflərə yer yoxdur.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600