Yerində sayan sülh danışıqları: "Bu, mövcud gərginliyin aradan qaldırılması prosesinə zərbə vuracaq"
“Ermənistanın silahlanma siyasəti sərhəd bölgələrində gərginliyin artmasına səbəb ola bilər”.
Bunu Ermənistanın sülhün əldə olunması üçün atmalı olduğu addımlar barədə danışarkən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.
Hərbi ekspert bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək məqsədilə Ankaraya səfəri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılmış müsbət addım kimi qiymətləndirilə bilər.
“Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı müəyyən tələblərlə çıxış etməsi, habelə Konstitusiyasında və ya gələcək siyasət kursunda dəyişiklik etməyə dair qərarlar qəbul etməsi də müsbət addım kimi dəyərləndirilə bilər.
Lakin belə bir fonda əgər Ermənistan silahlanma siyasətini davam etdirərsə, iki ölkə arasında mövcud gərginliyin aradan qaldırılması prosesinə zərbə vuracaq. Ermənistanın silahlanma siyasəti sərhəd bölgələrində gərginliyin artmasına səbəb ola bilər.
Hazırda dövlət sərhədində atəşkəs rejiminə müəyyən qədər əməl olunur. Belə bir şəraitdə Rusiyanın son dövrlərdə həm Ermənistan, həm də Azərbaycanla yürütdüyü qeyri-səmimi münasibətləri nəzərə alınmalıdır. Eləcə də Rusiyada qeyri-rus millətlərindən olan miqrantlara, xüsusən də türklərə qarşı baş verən vəhşiliklər fonunda, Ermənistan öz fəaliyyətlərinə, xüsusilə də Azərbaycanla yaxın perspektivdə baş tutacaq birbaşa danışıqları nəzərə alaraq silahlanma prosesində kifayət qədər ehtiyatlı davranmalıdır.
Silahlanmağa can atmaq əvəzinə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, bölgədə kənar qüvvələrin maraqlarını neytrallaşdıracaq mühit formalaşdırmalıdır. Əgər Ermənistan yenə də əvvəlki kimi sülhdən danışıb, eyni zamanda, silahlanmanı davam etdirəcəksə, bu, daha əvvəl əldə olunmuş razılaşmaların pozulmasına və etibarsız hala gəlməsinə səbəb olacaq”.
Nəsimi Ələsgərli