Aİ-nin Rusiyaya təsirsiz SANKSİYALARI: "ABŞ ilə birgə daha sərt və mürəkkəb kombinasiyalarla..."
“ABŞ ilə birgə daha sərt və mürəkkəb kombinasiyalarla Rusiyaya qarşı fəaliyyətin gücləndirilməsi daha təsirli ola bilər”.
Bunu Avropanın Rusiyaya qarşı tətbiq etdiyi 19-cu sanksiyalar paketinin mümkün nəticələrindən danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Rusiya–Ukrayna müharibəsi fonunda Avropa dövlətləri daha çox həmrəylik nümayiş etdirməyə çalışır:
“Tətbiq olunan sanksiyalar iqtisadiyyata böyük zərbə vursa da, Rusiya yayınmaq yolları tapır və nəticədə müharibənin müddəti uzanır. Avropa isə öz məqsədinə çatmaqda çətinlik çəkir. Çünki indiyədək müxtəlif sanksiya paketləri tətbiq olunsa da, həm nəqliyyat, həm enerji, həm sənaye, həm də texnologiyalara çıxış sahəsində Rusiya yaranan məhdudiyyətləri qismən aradan qaldıraraq məqsədinə çatmaqda ciddi problemlə üzləşmir.
Rusiyaya alternativlər təklif edən geosiyasi mərkəzlər öz maraqlarını güdür. Beləliklə, müxtəlif koalisiyalar, geosiyasi bloklar və dövlətlər qrupları meydana gəlir ki, bunlar da dövlətlərarası təşkilatlara çevrilir. Məsələn, BRICS və oxşar əməkdaşlıq təşkilatları kimi Rusiyanın üzv olduğu bir sıra birliklər mövcuddur.
Yeni sanksiya paketlərinin daha təsirli olması üçün müxtəlif tədbirlər həyata keçirilir. Lakin həmin sanksiyalar Rusiyanın öz məqsədi yolunda daha israrlı fəaliyyət göstərməsinə səbəb ola bilər.
ABŞ ilə birgə daha sərt və mürəkkəb kombinasiyalarla Rusiyaya qarşı fəaliyyətin gücləndirilməsi daha təsirli ola bilər. Burada xüsusən Rusiyanın neft tankerlərinin daşınması zamanı çətinliklərin yaradılması və ya Rusiya ilə ticarət dövriyyəsində iştirak edən dövlətlərə qarşı daha sərt sanksiyaların tətbiqi effektiv ola bilər.
Müxtəlif ssenarilər nəzərdən keçirilir. Maraqlıdır ki, ABŞ əvvəlki dövrlərdən fərqli olaraq təklif etdiyi silahların və Ukraynaya dəstəyin maliyyələşdirilməsini tələb edir. ABŞ-nin təqdim etdiyi silahların ödənişini Avropadakı tərəfdaşlar həyata keçirir. Bu isə yeni vəziyyət formalaşdırır”.
Nəsimi Ələsgərli