“Rusiyanın heç yerdə sülh yaratmaq niyyətinin olmadığına dair ehtimallar özünü növbəti dəfə doğrultmaqdadır”.
Bu fikirləri ermənilərin mövqelərimizi atəşə tutmaqda davam etmələrinə və əsgərlərimizə hücum çəkmələrinə münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Qarabağda müharibənin yenidən alovlanması üçün əlindən gələn hər şeyi edir:
“İstər Qarabağda, istərsə də Ermənistanla sərhəddə ermənilərin hərbi təxribatlarının ara verməməsi ilk növbədə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətsizliyi ilə bağlıdır. Burada təbii ki, məsələ Rusiya hərbçilərinin fəaliyyətsizliyində yox, Moskvanın qəbuledilməz siyasət yürütməsindədir.
Bu çox anormal bir haldır ki, Rusiya öz təşəbbüsü ilə imzalanmış 10 noyabr üçtərəfli bəyanatının müddəalarına özü əməl etmir. Əslində isə Rusiya bu missiyanı üzərinə götürməklə, o bəyanatın icrasını tam şəkildə təmin etməli idi.
Amma gördüyümüz kimi, Rusiya hərbçiləri Ermənistandan Qarabağdakı separatçılara silah-sursat daşınmasına, ermənilərin Azərbaycan mövqelərini atəşə tutmalarına nəinki mane olur, əksinə, onları daha da şirnikləşdirir.
Çox təəssüf ki, Rusiyanın heç yerdə sülh yaratmaq niyyətinin olmadığına dair ehtimallar özünü növbəti dəfə doğrultmaqdadır. İndiki şəraitdə guya sülhməramlı missiya həyata keçirən Rusiya Qarabağda müharibənin yenidən alovlanması üçün əlindən gələn hər şeyi edir.
Sözsüz ki, Azərbaycan hadisələrin istənilən məcrada inkişafına hazırdır. Fikrimcə, Qarabağdakı mövcud gedişat növbəti müharibəni yetişdirir. 44 günlük müharibədə gücümüzü görən düşmən və onun himayədarları öz cavablarını yenə alacaqlar”.
A.Zeynalov
www.yenicag.az