“…, Qarabağın adı gələndə susurlar”
Qondarma soyqırımın 100 iliiyi ilə bağlı dünya miqyasında tədbirlərə start verildiyi bir zamanda Azərbaycanın bu kampaniyanın qarşısına nə ilə çıxacağı maraqlıdır.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı açıqlamasında bu qəbildən olan xəbərlərə təəccüblənmədiyini bildirib: “Belə xəbərlər bizi heç təəccübləndirmir. Ermənilər soyqırım məsələsini milli məsələyə çeviriblər. Təkcə dünyanın 20 ölkəsində filmlər nümayiş etdirməyəcəklər, həm də Türkiyədə konfranslar keçirəcəklər. Türkiyənin indiki hökuməti bəlkə bunu qəbul edir, amma erməni işğalından əziyyət çəkən ölkə və millət olaraq bu mövzu bizi birbasa maraqlandırır. Çünki əsl soyqırım bizə qarşı edilib. Bəs biz nə edirik? Azərbaycan bu iddiların qarşısına nə ilə çıxacaq? Biz nə çəkdik ortaya qoyduq? Elə filmlər istehsal olunmalıdır ki, onu hər yerdə nümayiş etdirə bilək. Ssenari, texniki məsələlər, aktyor oyunu yüksək səviyyədə olmalıdır. İndiyə qədər nə etmişik? Xocalıdan olan heç olmasa ailənin taleyini çəkib nümayiş etdirmişik? Əhməd Şəfəqlə belə bir layihə vardı, təklif etdik, rejissorlarla danışıldı. Ancaq hələ də bir nəticə yoxdur”.
Bunun səbəbini maliyyə məsələlərinin həllini gözləməsi ilə əlaqələndirən T.Rüstəmxanlı “Qarabağ üçün pul ayıram yoxdur” deyə vurğulayıb: “Hər şey vəsaitə bağlıdır. Biz həmin filmi Türkiyədə də nümayiş etdirməyi nəzərdə tuturduq. Amma bunun üçün Qarabağı, Xocalını milli məsələyə çevirib mübarizə aparmaq lazımdır. Biz təkliflərimizi QHT olaraq da vermişdik. Təəssüf ki, Qarabağ üçün pul ayıran yoxdu. Nəyə deyirsən pul xərcləyirlər, bu gün telekanallarda nümayiş etdirilən seriallar kimə lazımdır? Onun bizim millətimizə nə aidiyyatı var? Nə öyrədir o seriallar? Müxtəlif layihələrə pul ayıran şirkətlər var, Qarabağın adı gələndə susurlar”.
Qarabağla bağlı 2 hissəli sənədli filmin çəkilişi üçün Diasporla iş üzrə Dövlət Komitəsinə layihə təqdim etdiklərini deyən T.Rüstəmxanlı 2015-ci ildə həmin filmin çəkilişinin baş tutacağına ümid etdiyini vurğulayıb(interpress).