“İŞİD terror aktlarına əl atmaqla Əfqanıstandakı proseslərdə özünü faktor kimi qəbul etdirməyə çalışır”.
Bu fikirləri Əfqanıstanda cərəyan edən son proseslərdə, xüsusilə Kabildə törədilmiş terror aktlarında İraq-Şam İslam Dövləti (İŞİD) faktorunun önə çıxmasını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Politoloqun sözlərinə görə, Kabildə baş vermiş terror aktlarının ABŞ və “Taliban”ın birgə ssenarisi olmasına dair ehtimallar inandırıcı deyil:
“Kabil hava limanında törədilmiş terror aktlarının səbəbləri haqda ehtimallardan biri bundan ibarətdir ki, həmin partlayışların təşkilində məqsəd on minlərlə Əfqanıstan vətəndaşını ölkəni tərk etməkdən çəkindirməkdir. Lakin o partlayışlarda çox sayda ABŞ hərbçisinin həlak olması bu ehtimalın həqiqət çəkisini azaldır.
Digər tərəfdən, baş vermiş partlayışın İŞİD-in dəst-xəttinə uyğun qaydada, yəni kamikadze aksiyası formasında törədilməsi bunun, həqiqətən də, “İslam dövləti” tərəfindən planlaşdırıldığını göstərir.
İŞİD-in bu terror aktlarına əl ətmaqda məqsədi, haradasa, aydındır. Çünki “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədə hələ ki sabitlikdir və yeni iqtidar bu sabitliyin qorunmasında maraqlıdır.
Əfqanıstanda sabitliyin pozulmasında maraqlı olmayan yeganə tərəf kimi məhz İŞİD görünür. Çünki hazırda Əfqanıstandakı vəziyyətlə əlaqədar siyasi müzakirələrdə iştirakı mümkün olmayan qüvvə məhz İŞİD-dir. Ona görə də İŞİD terror aktlarına əl atmaqla Əfqanıstandakı proseslərdə özünü faktor kimi qəbul etdirməyə çalışır.
Amma düşünürəm ki, “Taliban” başını qaldırmağa çalışan İŞİD-i asanlıqla əzəcək. Eyni zamanda, İŞİD-lə mübarizədə Qərb də “Taliban”a dəstək olacaq. Hər halda, Qərb üçün “Taliban” İŞİD-in yanında daha “toya getməli”dir”.
A.Zeynalov
www.yenicag.az