Qərbdən İrana daha bir jest
Nüvə danışıqlarının davam etdiyi bir vaxtda İranın daha 490 milyon dollarının üzərindəki həbs götürülüb və Tehrana ödənilib
Hazırda İsveçrədə İranın nüvə məsələsi ilə bağlı Tehran və “altılıq” ölkələri arasında gərgin danışıqların getdiyi bir vaxtda Qərb İslam Respublikasına daha bir jest edib. İranın “Səhər” kanalının verdiyi məlumata görə, İranın neft gəlirlərindən dondurulan hesablarının daha bir qisminə qoyulan həbs götürülüb.
Telekanalın məlumatında qeyd olunur ki, İran hesablarına qoyulan həbslərin 3-cü hissəsinin 5-ci krediti İran Mərkəzi Bankın hesabına ödənilib. “Səhər” Televiziyasının İranın Mərkəzi Bankının ictimai əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, İran və “altılıq” ölkələri arasında anlaşmaya əsasən İranın Yaponiyadakı mərkəzi bankının mənbələrindən bu bankın Omandakı hesabına ödənib.
İndiyə qədər anlaşmanın 3-cü mərhələsinin 2 milyard 450 milyon dolları Mərkəzi Bankın ixtiyarına verilmişdir. Bu dövr tam məbləği isə 4,9 milyard dollardır və 490 milyon dollarlıq 10 kredit formasında ödəniləcək. İranın dondurulmuş hesablarından 2 mərhələdə 4,2 və 2,8 milyard dollar üzərində həbs götürülüb.